"Şans veriləndə futbolda hər şey mümkündü" - UEFA prezidenti

UEFA prezidenti Aleksander Çeferin Türkiyənin haberturk.com saytına müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.

- Feyr-pley əsasında hansısa layihəniz varmı?

- Bəli, bir çox feyr-pley layihəsi var. Ən çox diqqət çəkəni RESPECT (hörmət) adı ilə təşkil etdiyimiz kampaniyadı. Bunun böyük təsir gücünə malik olduğunu, futbolçular, hakimlər, rəsmilər və azarkeşlər arasında anlaşmanı ön plana çıxardığını düşünürəm. Bu kampaniyanın həm də ayrı-seçkiliklə mübarizəyə təkan verdiyinə inanıram.
 

"Ən azı 16 millinin olmasını və 16 qrupun hər birində Avropadan 1 ölkənin təmsil olunmasını tələb edəcəyik. Bu, bizim beynimizdəki ən pis ssenari olacaq"



- FİFA prezidenti Canni İnfantino və ali futbol qurumu ilə aranız necədi?

- İnfantino ilə çox yaxşı münasibətimiz var. Canni FİFA-da bir çox çətinliklərlə mübarizə aparır. Qurumun tərkibində lazımi dəyişiklikləri həyata keçirmək üçün çox çalışır və yaxşı işlər görür. Bu baxımdan UEFA ilə FİFA-nın mükəmməl işbirliyi içində olacağını düşünürəm.

 

- Maliyyə meyar tədbirlərindən istədiyiniz nəticələri ala bildinizmi?

- Maliyyə Feyr-Pleyə (FFP) start verildiyindən bəri Avropada zərər 80 faiz azaldı. UEFA-nın tənzimləyici rolu təkcə bazara sabitlik gətirməklə kifayətlənmədi, klubların xeyir-zərər tarazlığını heçə saymasına da mane oldu. FFP təkcə avrokuboklara vəsiqəni hədəfləyən klubların deyil, digərlərinin də yaxşı idarə edilməsinə, hansı turnirdə iştirakdan asılı olmayaraq, planlı və proqramlı hərəkət etmələrinə kömək edəcək.

- FFP mövzusunda üzv ölkə federasiyalarına verdiyiniz tapşırıqlar nələrdi?

- Hər üzv ölkə federasiyasının idarəetmə orqanlarına, UEFA-nın təyin etdiyi meyarlar istiqamətində klubların lisenziya və Maliyyə Feyr-Pley mövzusundakı sanksiyaları yerinə yetirib-yetirmədiyinə nəzarət etmə vəzifəsi və zəruriliyi var. Bu, klubların qeydlərini müəyyən bir zaman içində tənzimləmə zəruriliyini gətirir. Bu anlayışa görə, klublar gəlir-xərc daxilində təyin olunan büdcələrdən çox xərc çəkə bilməzlər, həmçinin bütün transferlərin və klub işçilərinin ödənişlərini vaxtında etmək məcburiyyətindədilər.

 

- Manifestiniz nədi?

- Manifestimin əsas ifadəsi “Əla tarazlıq yaratmaq” idi və hələ də belədi. UEFA üçün inkişafa davam etməyin ən yaxşı yolu birlikdə çalışmağımız, gücümüzdən yerində və ağıllı şəkildə istifadə etməyimiz, eyni zamanda hər ölkə federasiyasının mövqeyinə hörmət etməyimizdən keçir. Əgər mükəmməl tarazlıq yarada bilsək, inanıram ki, UEFA dünyanın ən yaxşı idman təşkilatına çevriləcək. Futbolu inkişaf etdirmək, dəstəkləmək və qorumaq yolu ilə digər idman növləri üçün əlçatmaz səviyyəyə yüksəltmək istəyirik. Sui-istifadə və danışılmış oyunlarla mübarizəmizi isə artıracağıq.

 

- Danışılmış oyunların qarşısını necə alacaqsınız?

- Həmişə gözüaçıq olmalıyıq. Bir müddət əvvəl UEFA-da “Oyunu qoruma” adı altında qurum yaratdıq. Bu qurumun işi danışılmış oyunlarla daha təsirli mübarizə aparmaqdı. Avropanın 55 üzv ölkəsində qeyri-qanuni mərc oyunlarını müəyyənləşdirməklə hər il 32 mindən çox oyunu müşahidə altına alırıq. Ancaq üzv ölkələrdəki ədalət mexanizmi və polislə əlaqələrimizi daha da inkişaf etdirməyimiz şərtdi. Çünki bu məsələdə dövlət orqanları qədər güclü deyilik. Təkcə “İnterpol”la birlikdə çalışmaq bu savaşı qazanmaq üçün kifayət etməz.

 

"Digər bütün Konfederasiyalar dünya çempionatındakı komandaların sayının 2026-cı ildən etibarən 48-ə yüksəldilməsinin tərəfdarıdı. UEFA da yeni formatı dəstəkləyir. Turnirin müddətinin uzanmamağı bizi məmnun edir. Belədə futbolçular ağır qrafikdən qurtulmuş olurlar. Mart ayındakı iclasda Avropadan qatılacaq komanda sayını müzakirə edəcəyik"


 

- UEFA bunlara son qoymaq üçün hansı sistem üzərində çalışır?

- UEFA Avropa futbolunun bütövlüyünü qorumaq üçün öz bünövrəsində maliyyələşdirdiyi və yenə özü hazırladığı sistemə əsasən iş görür. “Sportradar” firması ilə birlikdə Avropa daxilində hər il təxminən 32 min matçı təhlil edirik. Bunlar daha çox avrokuboklarla yanaşı, hər ölkənin iki çempionatını (yüksək liqa və I dəstə) və kubokunu əhatə edir. Bu sistem 2009-cu ildən bəri çalışır. Eyni zamanda oyunlar öncəsi və gedişində mərc oyunlarının müdaxiləsinin olub-olmadığı da müşahidə edilir.

 

- Əsas problemləriniz nələrdi?

- Problem deyil, amma görməli olduğumuz işlər var. Məsələn, təşkilat olaraq öz aramızda şəffaf və açıq olmaq üçün bəzi islahatlara ehtiyac duyulur. UEFA şiddət, alqı-satqı, dopinq, irqçilik və ayrı-seçkilik kimi problemlərə baş əyməməlidi.

 

- Çempionlar Liqası dünyanın ən böyük turniri hesab edilir. Bu yarışın gələcəyini necə görürsünüz?

- 2018-2021-ci illərdə təşkil edəcəyimiz avrokubok yarışları (Çempionlar Liqası və Avropa Liqası) yeni iştirak siyahısı ilə bütün klubları və ölkələri sevindirəcək. Hər ölkə klubunun iştirak şansı yaranacaq. Yeni formatla ədalət və bərabərliyi qoruyacağımıza şübhəm yoxdu. Çempionlar Liqası dünyanın bir nömrəli turniridi və alternativ bir yarışa ehtiyac yoxdu.

 

- Videotəkrar hakimliyə nə dərəcədə kömək olacaq?

- Hazırda klub turnirlərində qapı xətti texnologiyasından istifadə məsələsi ilə bağlı danışıqlar aparırıq. Videotəkrarla bağlı bəzi testlər oldu. Futbolun tempinə təsir etmədən bu sistemi necə tətbiq edəcəyimizi düşünürük.

 

- Almaniya millisinin hücumçusu Tomas Müller dünya çempionatının seçmə mərhələlərində güclü komandaların zəiflərlə qarşılaşmasının lazımsız olduğunu və bunun onları yorduğunu bildirib. Siz bu barədə nə düşünürsünüz?

- Zəif ölkələrin ayrı seçmə mərhələdə iştirakı fikrinə qatılmıram. Məncə, hər bir komanda istənilən turnirə qatılmaq haqqına malikdi. Təcrübə də göstərir ki, bir çox kiçik ölkənin komandası final mərhələsinə yüksəlib və orda yüksək səviyyədə çıxış edib. Deməli, şans veriləndə futbolda hər şey mümkündü. Bu üzdən hər kəs eyni şansa malik olacaq. Federasiyaları və milli komandaları qorumaq çox önəmlidi. UEFA Ölkələr Liqasını yaradaraq və Avropa çempionatındakı komandaların sayını 24-ə yüksəldərək pozitiv qərar verdiyimizi düşünürəm.

 

- FİFA-nın dünya çempionatındakı yeni formatını bəyənirsinizmi?

 -Digər bütün Konfederasiyalar dünya çempionatındakı komandaların sayının 2026-cı ildən etibarən 48-ə yüksəldilməsinin tərəfdarıdı. UEFA da yeni formatı dəstəkləyir. Turnirin müddətinin uzanmamağı bizi məmnun edir. Belədə futbolçular ağır qrafikdən qurtulmuş olurlar. Mart ayındakı iclasda Avropadan qatılacaq komanda sayını müzakirə edəcəyik. Ən azı 16 millinin olmasını və 16 qrupun hər birində Avropadan 1 ölkənin təmsil olunmasını tələb edəcəyik. Bu, bizim beynimizdəki ən pis ssenari olacaq.

tərcümə:apasport.az