Azarkeşləri "Bursaspor"un avtobusuna hücum edib futbolçularla dalaşdı

Türkiyə superliqasının 22-ci turundə "Kasımpaşa"ya 4:0 hesabı ilə məğlub olan, yığmamızın üzvü Dəniz Yılmazın da formasını geydiyi "Bursaspor"un avtobusunu saxlayan azarkeşləri futbolçulara hücum edib.

Olimpsport.az
xəbər verir ki, İstanbul səfərindən dönən bir qrup "yaşıl-ağ"lı fanat "Osmanqazi Körpüsü"nün Yalova tərəfində texniki personalı və futbolçuları daşıyan avtobusu dayandırıb. Qapını açıb içəri girən azarkeşlər hətta bəzi futbolçularla əlbəyaxa olub. Fanatlarla komandanın kapitanı, qapıçı Harun Tekin və bir neçə futbolçu arasında baş verən yumruq-təpikli dava 5 dəqiqə davam edib. Bu müddətdə avtobusun ön şüşəsi də sındırılıb. 

Bundan sonra azarkeşlər,klub rəsmiləri və futbolçular tərəfindən güclə avtobusdan uzaqlaşdırılıb. Olayın ardından məşqçilər və futbolçular polisə şikayət ediblər. Bu üzdən bəzi azarkşelərin saxlanıldığı deyilir. 

"Bursaspor"un bazasının önünə yığışan təxminən 100 nəfər azarkeş sloqan açaraq klub rəhbərliyinin istefasını tələb edib. Bir müddət bazanın önündə gözləyən tərəfdarlar sonradan dağılışıb. Polislər bazanın ətrafında və ya daxilində xoşagəlməz hal yaşanmaması üçün tədbir görüblər.