"Qələbə topunun müəllifi olmağın bir önəmi yoxdu” - Nazarov
“Qol vurmaq, komandanın ən məhsuldar oyunçularından biri sayılmaq yaxşıdı. Ancaq qələbə topunun müəllifi olmağın bir önəmi yoxdu”. Olimpsport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.
Təcrübəli futbolçunun formasını geyindiyi “Aue” klubu “Bundesliqa II”nin XXIV turunda “Karlsrue”ni 1:0 hesabı ilə məğlub edib. Qələbə topunun müəllifi olan Nazarov 36-cı dəqiqədə penaltidən fərqlənib. Bununla, o, hücumçu Paskal Köpkedən sonra 4 qolla “Aue”nin ən məhsuldar ikinci oyunçusuna çevrilib.
Nazarov Almaniya mətbuatına açıqlamasında penalti vurmağın onun üçün çox asan olduğunu söyləyib. O, belə vəziyyətlərdə vuracağı küncü öncədən “qaraladığını” deyib: “Penalti zamanı vuracağım küncü həmişə əvvəlcədən beynimdə müəyyənləşdirirəm. Əlavə nəsə düşünmürəm. Zərbə zamanı gördüm ki, rəqib qapıçı həmin küncə tullanmağa hazırlaşır. Ancaq bu da mənim üçün problem deyil. Zərbə anında heç vaxt topun qapıdan keçib-keçməyəcəyi barədə düşünmürəm. Sadəcə, topa yaxınlaşıb zərbəni vururam”.
Qeyd edək ki, bu qalibiyyət sayəsində turnir cədvəlinin sonuncu pilləsindən qurtulan “Aue” 22 xalla 18 komanda arasında 16-cı yerdə qərar tutub.