Roman Qriqorçuk “Samtredia” ilə görüşlərdə fransalı hücumçunun xidmətindən yararlana biləcək.

Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin yeni transferi Baqali Dabonun xidmətindən istifadə edib-etməyəcəyinə aydınlıq gəlib.

Olimpsport.az saytının məlumatına görə, baş məşqçi Roman Qriqorçuk “Samtredia” ilə görüşlərdə fransalı hücumçunun xidmətindən yararlana biləcək.

 

Belə ki, “qırmızı-qaralar” bu gün Dabonun adını UEFA-ya təqdim etdikləri iştirak ərizəsinə salacaqlar. Artıq futbolçunun adı qitənin ali futbol qurumuna göndərilib. Məsələ gün ərzində həll olunacaq. “Qəbələ”nin UEFA-ya göndərdiyi A vərəqində 16 futbolçunun adı yer almışdı.

 

“Qəbələ”nin düşərgəsinə ilk olaraq, Gürcüstanda qoşulan Dabo hazırda komanda ilə birlikdə Bakıdadı. Lakin forvard hələlik kollektivlə birgə deyil, fərdi hazırlıq keçir.  Qriqorçukun “Qəbələ”yə uyğunlaşma prosesini keçən yeni transferə “Samtredia” ilə ilk matçda şans verəcəyi o qədər də inandırıcı görünmür.

 

Qeyd edək ki, “Qəbələ” gürcülərlə ilk matçı iyunun 30-da evdə, cavab görüşünü isə iyulun 7-də səfərdə keçirəcək.

 Mənbə : Apasport.az