Şahin Diniyev: "Komandam “doyub”
“Hesabda geri düşdükdən sonra oyunu dəyişmək üçün xarakter tələb olunur. Qapımızda qol gördükdən sonra irəli atılmalıyıdıq. Bu halda isə “Sumqayıt” bizi əks-hücumlarda yaxalaya bilərdi. “Sumqayıt” üçün boşluq balığa su lazım olan kimi bir şeydir”.
Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Diniyev mövsümü medalla başa vurmaq istədiklərini vurğulayıb: “Demişdim ki, 30 oyundan sonra komandam “doyub”. Şadam ki, bu gün komanda özünə gələ bildi və bu gün xarakter nümayiş etdirdik. Hazırda Avropaya yollanmaq üçün gözəl şansımız var. Birinci cəhddə Avropaya düşmək tarixdi. Mövsümü medalla başa vurmaq istəyirik. Buna nail olsaq, çox böyük uğura imza atmış olacağıq. Qarşıdakı oyunlarımız asan keçməyəcək”.
“Kəpəz”in bugünkü qələbəsində “Sumqayıt”ın futbolçularının daha çox rolu oldu fikri ilə razısız” sualını “Kəpəz”in baş məşqçisi belə cavablandırıb: “Komanda o vaxt səhv edir ki, rəqib pressinq tətbiq edir. Fasilədən sonra vurduğumuz qollar da buna sübutdur. Son 15 dəqiqədə komanda mən istəyən kimi oynamadı. Bu gün 3 xala layiq idik. Bəxtiyar Soltanov dördüncü qolu vursaydı, daha rahat qələbə qazanacağdıq”.
Şahin Diniyev Avroliqaya vəsiqə qazanacaqları halda, mütləq heyəti gücləndirməli olduqlarını vurğulayıb: “Heyətimizin geniş olmaması də narahat edir. Avropaya çıxdıq, bəs sonra? Desəm ki, “Kəpəz” qrupa düşəcək, yalan olar. Daha əvvəl də demişdim ki, uduzsaq belə, bizim Avropada 1 oyun keçirməyimiz belə, azarkeşlər üçün hədiyyə olacaq. Komanda mütləq güclənməlidir. Hər xətdə 1 oyunçuya ehtiyacımız var. Amma lazımi transferləri edə biləcəyikmi? Bunu dəqiq bilmirəm. Ağlamamalıyıq ki, pulumuz, şəraitimiz yoxdur, yollarda qalmışıq. Meydana çıxanda azarkeş bizdən nəticə tələb edəcək”.