"Olimpsport" jurnalı Rüştü Rəcbəri mükafatlandırdı
2017.05.16 11:27
Ölkə idmanında əldə olunan uğurların, idmançılarımızın nailiyyətlərinin işıqlandırılmasında mətbuatın rolu əvəzsizdir. 2009-cu ildən oxucuların görüşünə gələn "Olimpsport" jurnalı və "olimpsport.az" saytı hər zaman səhifələrində idman və Olimpiya Hərəkatının təbliğinə geniş yer verib, ölkə və beynəlxalq səviyyəli idman tədbirlərinin və yarışlarının işıqlandırılmasında aktiv fəaliyyət göstərib.
Özünəməxsus dəsti-xətti ilə seçilən mətbu orqanımız həm də idman sahəsində fərqlənən ən yaxşıları müxtəlif mükafatlarla təltif edib. "Olimpsport" jurnalının bu yaxınlarda təsis etdiyi "Tarixin ən yaxşı türk qapıçısı" mükafatı da buna gözəl sübutdur. Jurnalımızın apardığı sorğunun nəticələrinə görə, bu mükafata Türkiyə millisinin keçmiş üzvü, vaxtilə "Barselona","Fənərbaxça" və "Beşiktaş" kimi tanınmış klubların şərəfini qoruyan, 2002-ci il dünya çempionatının bürünc medalçısı, dəfələrlə Türkiyə çempionu titulu alan Rüştü Rəcbər layiq görülüb.
Təqdimetmə mərasimi mayın 15-də İstanbul şəhərində keçirilib. Mərasimdə "Olimpsport" jurnalının baş redaktoru Ramin Allahverdiyev və Tovuz Gənclər Evinin direktoru, jurnalın redaktoru Rauf Rüstəmov və digər rəsmi şəxslər iştirak ediblər. Mükafatı tanınmış türkiyəli qapıçıya baş redaktor Ramin Allahverdiyev təqdim edib. Məlumat üçün biuldirək ki, Ramin Allahverdiyev sərbəst güləş üzrə respublikanın Əməkdar məşqçisidir. Rüştü Rəcbər mükafata görə təşəkkürünü bildirib və Azərbaycan xalqına sonsuz sevgi və sayğısını çatdırıb.