Aslan Kərimov: "klublarımızın hamısı ilk rəqibini keçə bilər. "
Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov klublarımızın avrokuboklardakı çıxışı barədə danışıb. Olimpsport.az həmin müsahibəni təqdim edir.
- Razısınız ki, avrokuboklardakı təmsilçilərimiz arasında mərhələ adlamaq şansı ən az olan "Kəpəz"dir?
- Razıyam. Onlar bir neçə aparıcı futbolçusunu itirib. Məsələn, Budaq Nəsirovla Namiq Ələsgərov artıq komandada deyil. Bu iki futbolçu komandaya çox kömək edirdi.
- Rəqib Moldova "Daçiya"sıdır...
- "Daçiya" təbii ki, Malta və ya digər zəif ölkə təmsilçisi deyil. Moldova futbol ölkəsidir. "Kəpəz"in püşkatma zamanı səpələnməmişlər səbətində yer aldığını nəzərə alsaq, "Daçiya" ilə düşməsi normaldır. Amma "Kəpəz" doğma meydanda qələbə qazana bilir. Belə olan halda mərhələ adlamaq şansı da yaranacaq. Bütövlükdə, "Kəpəz" mərhələ adlaya biləcək gücdədir.
- Sizə elə gəlmir ki, "Qəbələ" Gürcüstanda hazırlıq keçməklə ilk mərhələdəki rəqibi olan bu ölkənin "Samtredia" klubuna geniş informasiya toplamaq imkanı yaratdı?
- "Qəbələ" Gürcüstan klubu ilə düşəcəyini öncədən bilsəydi, ora getməzdi. Amma rəqibin bundan ciddi faydalandığını düşünmürəm. Bu, həlledici amil deyil. "Qəbələ"yə bu olmadan da çətin olacaq. Çünki Aleksey Qay, Dodo kimi aparıcı futbolçular komandadan ayrılıb. Yeni futbolçuların komandaya nə dərəcədə faydalı olacağını isə zaman göstərəcək.
- Son illərdə klub futbolu səviyyəsində Gürcüstanı üstələyirik...
- Buna güclü legioner seçimi sayəsində nail oluruq. Yerli futbolçuların timsalında müqayisə aparsaq, biz onlara uduzuruq. "Qəbələ" kağız üzərində 60-ın 40-a nisbətində favoritdir. Amma hər şeyə oyun zamanı aydınlıq gələcək.
- Bəs "Neftçi"dən nə gözləyirsiniz?
- Malta "Baltsan"ının heyətində legionerlər var. Buna baxmayaraq, "Neftçi" bu rəqibdən üstündür. Burada da şansları 60-ın 40-a nisbətində dəyərləndirirəm. Bakılıların heyətində Avroliqanın qrup mərhələsində oynamış futbolçulardan cəmi ikisi qalıb. Beynəlxalq oyun təcrübəsi baxımından çatışmazlıqlar var.
- "Qarabağ"ı da Lüksemburq "Düdelanj"ı ilə oyunlar gözləyir...
- "Qarabağ"ın bu rəqiblə problemi olmamalıdır. Bütün rəqiblər arasında ən yaxşı vairant bu idi. Çünki Qazaxıstan çempionu ilə də düşmək variantı var idi. Hər halda Lüksemburq təmsilçisi "Anderlext" və ya "Tottenhem" deyil. Ağdamlılara çətin olmamalıdır. Şansları 70-in 30-a dəyərləndirirəm.Bütövlükdə, klublarımızın hamısı ilk rəqibini keçə bilər. Futbolumuz daha artığına layiqdir.
mənbə: Azerisport