Ağabala Ramazanov: "Məşqçimiz məni hansı mövqedə görsə, həmin mövqedə iddialı və məhsuldar oynamağa çalışacam".


Azərbaycan milli komandasının və Bakının "İnter” klubunun futbolçusu Ağabala Ramazanov qarşıdakı mövsüm və karyerası barədə danışıb. Olimpsport.az həmin müsahibəni təqdim edir:

- Yaşın az olsa da tez-tez klub dəyişirsən. "Neftçi”, "Xəzər Lənkəran”, "Sumqayıt” və "İnter”. Bunun səbəbi nədi?
- Deməzdim ki, tez-tez klub dəyişirəm. "Neftçi”dən sonra 3 il "Xəzər Lənkəran”ın formasını geyindim və daha sonra "Sumqayıt”a keçdim. Şükürlər olsun ki, hər il fərqli təkliflərim olur və bu transfer dönəmində də "İnter”in təklifini dəyərləndirdim.

- Xüsusən "Sumqayıt”dan gedişin gözlənilməz oldu. Çünki komandada yaxşı mövsüm keçirmişdin. "Sumqayıt”dan gedişinin səbəbi nə idi?
- Həqiqətən də "Sumqayıt”da mənim üçün yaxşı mövsüm oldu. Daha çox oynadım və inkişaf etdim. Komandada yaxşı kollektivimiz var idi. Bütün uşaqlara minnətdarlığımı bildirirəm ki, milliyə dəvət almağımda mənə dəstək oldular, mənimlə birlikdə oldular. Baş məşqçi Samir Abasova da gələcək işlərində uğurlar arzulayıram. Gedişimin səbəbi isə daha da iddialı kluba keçmək idi.

- Bildiyimizə görə, "Sumqayıt”dan ayrıldıqdan sonra Sloveniyanın "Domjale” klubundan rəsmi təklif almısan. Niyə məhz ölkə xarici yox, "İnter”in təklifini dəyərləndirdin?
- Bəli, belə bir təklifim var idi. Ancaq bu təklifi "İnter”lə müqavilə imzaladıqdan sonra almışdım. Ona görə, hər-hansı təklif barədə düşünmək üçün gec oldu. Qismət olsa gələcəkdə legioner həyatı yaşamaq haqqında düşünəcəyəm.

- Artıq "İnter”lə məşqlərə başlamısan. "İnter”in oynadığın digər komandalardan fərqi nədi?
- Bir neçə gündü məşqlərə start vermişik. Gözəl və mehriban kollektivimiz var. Öz üzərimizdə çalışırıq. İnşallah bunun bəhrəsini çempionatda görəcəyik.

- "İnter” ötən mövsüm hücumçu baxımından əziyyət çəkirdi. Rauf Əliyev uzun müddət zədəli oldu, Fomenko isə özünü göstərə bilmədi. Bu baxımdan yeni mövsümdən diqqətlər sənin üzərinə yönələcək. Buna hazırsanmı?
- Hər zaman mübarizəyə hazıram. Məşqçimiz məni hansı mövqedə görsə, həmin mövqedə iddialı və məhsuldar oynamağa çalışacam. Ən əsası mehriban və döyüşkən kollektivimiz var. Hamımıza əl-ələ verib istənilən komandaya qaşı mübarizə aparacağıq.

- Növbəti mövsüm üçün şəxsi hədəflərin necədi?
- Növbəti mövsüm üçün daha da iddialı olub, komandamıza xeyir verməyə çalışacam. Komandamıza xeyir vərmək üçün bütün gücümlə mübarizə aparacam. Ümid edirəm ki, hər şey düşündüyümüz, istədiyimiz kimi olacaq.
Mənbə: Futbol11.az