Zaur Svanadze:" Onlar mənsiz də "Qəbələ"ni yaxşı tanıyırlar. "
"İnter"in baş məşqçisi Zaur Svanadze Yeni mövsüm haqda danışıb. Olimpsport.az həmin müsahibəni təqdim edir.
- "İnter"in yeni mövsümə hazırlığı necə gedir?
- Hələ ki, hər şey plan üzrə gedir. Bazamızda hazırlaşırıq. İyulun 10-da ölkə xaricinə yollanacağıq. Orada 4-5 yoxlama oyunu keçirəcəyik. Abbas Hüseynovdan başqa qalan hər kəs sıradadır. Abbasa gəlincə, o, Qazaxıstanda müalicə alır, bir həftəyə sıraya dönməlidir.
- Heyəti formalaşdırmağı başa çatdırmısınız?
- Bütün transferlərimizdən razıyam. Yaxşı oyunçulardır. Ümid edirəm ki, onlar komandanı daha da güclü edəcəklər. Ola bilər ki, daha bir-iki oyunçu alaq.
- Adrian Skarlatake istisna olmaqla qalan hamısı yerli oyunçulardır...
- Düzdür, cəmi bir legioner almışıq. Hazırda komandada Skarlatakedən başqa daha iki legioner var - Denis Silva və Zurab Xizanişvili. Ola bilər ki, yenə əcnəbi futbolçu alaq. Bu yöndə iş gedir.
- Ruslan Abışov "İnter"də çıxış edəcək?
- Hələ bu barədə dəqiq bir söz deyə bilmərəm.
- Yeni mövsümdə çempionat 8 komanda ilə keçiriləcək...
- 10 komandalı çempionat daha optimal variant idi. Amma belə qərar verilibsə, nə etmək olar. Yeni mövsüm çətin olacaq. Güclülər qalıb. Bütün oyunlar gərgin keçəcək. Artıq asan oyun olmayacaq.
- "Qəbələ"nin Avropa Liqasında Gürcüstan "Samtedia"sını keçmək şansları barədə nə düşünürsünüz?
- Şanslar bərabərdir. Bu komandanı görməmişəm. Amma Gürcüstanda onları çox tərifləyirlər. Gənc komandadır, texnikalı futbola üstünlük verir. "Qəbələ"yə asan olmayacaq.
- "Qəbələ"ni öyrənmək üçün sizə zəng edən olmadı?
- Xeyr. Onlar mənsiz də "Qəbələ"ni yaxşı tanıyırlar. Həm də mənə niyə zəng etsinlər ki? Onsuz da "Qəbələ" Gürcüstanda hazırlıq keçirdi.
Mənbə: Azerisport.az