Kişi voleybolçularımız İslamiadanın 2-si oldular

 

2017.05.22  10:43


Ölkəmizdə keçirilən IV İslam Həmtəyliyi Oyunlarına bu gün yekun vurulacaq.


"Olimpsport.az"ın məlumatına görə, mayın 21-də İslamiadada kişi voleybolçuların yarışına yekun vurulub. Azərbaycan voleybolçuları yarışda ikinci yeri tutublar.
“Baku Crystall Hall”da keçirilən yarışın final görüşündə Azərbaycan və İran milli komandaları üz-üzə gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk setində 25:16 hesabı ilə İran millisi qalib gəlib. İran yığması ikinci seti çətinliklə öz xeyrinə başa vura bilib - 29:27. Üçüncü setdə də 25:18 hesabı ilə üstün olan İran milli komandası oyunda 3:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Üçüncü yer uğrunda görüşdə isə Türkiyə və Əlcəzair komandaları üz-üzə gəliblər. İlk setdə Türkiyə millisi 25:20 hesabı ilə üstün olsa da, ikinci setdə əlcəzairli voleybolçular hesabı bərabərləşdiriblər – 25:22. Əlcəzair yığması üçüncü seti 25:23 hesabı ilə öz xeyrinə başa vurub. Əzmkarlıq nümayiş etdirən Əlcəzair millisi dördüncü setdən də üstün ayrılıb – 25:18. Beləliklə, rəqibini 3:1 hesabı ilə məğlub edən Əlcəzair yığması IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatına sahib olub.
Xatırladaq ki, qadın voleybolçuların yarışında çempionluq sevincini Azərbaycan idmançıları yaşayıblar.