UEFA Avropa Liqasında çıxış edəcək komandaların görüşləri “CBC Sport”la canlı yayımlanacaq

"CBC Sport" telekanalı Azərbaycanı Avropa Liqasında təmsil edən klublardan yalnız “Qəbələ”nin səfər oyunlarını canlı yayımla izləyicilərə təqdim edəcək.

Olimpsport.az xəbər verir ki, bu barədə telekanalın baş direktoru Volkan Üst kanalın rəsmi saytına açıqlamasında danışıb:

“Bildiyiniz kimi, UEFA Avropa Liqasında çıxış edəcək komandaların görüşləri “CBC Sport”la canlı yayımlanacaq. Bununla bağlı bütün klublarımızla razılıq əldə olunub. Azərbaycandakı matçların göstərilməsiylə bağlı heç bir problem yoxdu. "CBC Sport" bu qarşılaşmaları yüksək keyfiyyətlə çəkib yayımlayacaq.

Ancaq biz komandalarımızın səfər oyunlarını da yayımlamaqda çox maraqlıyıq. Təəssüf ki, yalnız “Qəbələ”nin Gürcüstanda “Samtredia” ilə matçını azarkeşlərə təqdim edə biləcəyik. Digər klublarımızın səfər matçlarının yayımlanmamasının bizimlə heç bir bağlılığı yoxdu. İş orasındadı ki, Moldova və Maltada müvafiq olaraq “Daçiya və “Baltsan”ın oyunları yerli telekanallarda göstərilməyəcək. Bu səbəbdən də biz “Baltsan” – “Neftçi” və “Daçiya” - “Kəpəz” oyunlarını azarkeşlərə təqdim edə bilməyəcəyik. Bakıdan Maltaya və ya Moldovaya STS maşınların aparılması isə təbii ki, mümkünsüz bir işdi. Çox təəssüf ki, Malta və Moldova kimi ölkələrdə öz komandalarının oyununa bu cür barmaqarası yanaşırlar”.