Kərim Diniyev "Qələbə qazanmaq üçün əlimizdən gələni etdik"

"Kəpəz"in yarımmüdafiəçisi Kərim Diniyev "Daçiya" ilə (0:0) matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Olimpsport.az həmin müsahibəni təqdim edir:
 
- Oyun haqda danışardın...
Xeyli qol vəziyyətlərimiz oldu. Təəssüf ki, yararlana bilmədik. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, lakin alınmadı. Əsas odur ki, qapımızdan qol buraxmadıq. Səfərdə qollu heç-heçə və yaxud qələbə qazanıb turu keçmək istəyirik.
 
- Növbəti oyunda şansları necə dəyərləndirirsən?
- Bugünkü heç-heçəni rəqib üçün üstünlük hesab etmirəm. ''Daçiya''nın gücünü gördük. Hesab edirəm ki, keçiləsi rəqibdir. Şanslar 50/50-dir. Cütün taleyi Kişinyovda həll olunacaq.
 
- "Daçiya"nın Prezidenti ilə aranızda mübahisə yarandı...
- Həmin hadisə vaxtı bizim futbolçumuz yerdə qalmışdı. Rəqib topu kənara atmaq əvəzinə hücuma keçdi. Məndə buna əsəbləşmişdim. Topu ona vurmaq niyyətim yox idi. Sadəcə meydandan çıxarmaq istəyirdim. Təsadüfən dəydi.
 
- O sizə nə söylədi? Təhqir etdi?
- Xeyir təhqir etmədi. Sadəcə dedi ki, gələrsiniz Kişinyova. Məndə dedim, problem yoxdu, gələrik.
 
- Şahin Diniyev məsələni yoluna qoydu...
- Bəli elə oldu. Sonra özümdə yaxınlaşıb üzr istədim. Problem həll olundu.
 
- ''Daçiya''nın prezidenti əminliklə bildirdi ki, mərhələni keçən tərəf biz olacağıq. Onun fikrinə münasibətin necədir?
- Bu onun şəxsi fikridir. Hörmətlə yanaşıram. Hər şeyə ikinci oyunda aydınlıq gələcək. Onların qol epizodları çox az oldu. Biz üstün oynadıq. "Daçiya" yaxşı komandadır, amma gözlədiyimiz kimi güclü deyil. Mən inanıram ki, biz bu mərhələni keçəcəyik.
 
- Təlim-məşq toplanışından yeni gəlmisiz. Komandada yorğunluq hiss olunurdu...
- Toplanışı Ərzurumda keçdik. Dağ havasında və yüksəklikdə məşq edirdik. Bakıya qayıtdıkdan sonra adaptasiya olmaq üçün vaxtımız az oldu. İlk günlərdə nəfəs almaqda çətinlik çəkirdik. Hətta bu gün oyunöncəsi məşqdə də bu hiss olunurdu. Cavab matçına kimi tam adaptasiya ola biləcəyik.