Şahin Diniyev "Orta xəttin oyunçularının yorulması iş əmsalını sıfıra endirdi"
"Orta xəttin oyunçularının yorulması iş əmsalını sıfıra endirdi"
"Keyfiyyətli oyun oldu. Avroliqaya oxşar futbol oynamağa çalışdıq. Cinah hücumlarının hesabına hücumlar qurmağı və vaxtında bağlanmağı tapşırmışdım".
Olimpsport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Daçiya"nı qəbul edən "Kəpəz" qolsuz bərabərliyə razılaşıb. Matçdan sonra mətbuat konfransı keçirən Diniyev bunları deyib:
"Belə oyun üçün 4-5 qol vəziyyəti çoxdu. Komandamla fəxr edirəm. 10 gündü yığılan komandadı və birdən-birə 5 yeni futbolçu əsas heyətdə oynayır. Bu qədər qol vəziyyəti yaratdıqsa, mən xoşbəxtəm. Xarakter nümayiş etdirdik. İkinci hissədə də qol vəziyyətlərimiz oldu. Mənə elə gəlir ki, bu gün heç kimi utandırmadıq. Komanda inkişafdadı və bu mənim gözümün qabağımdadı. Çalışacağıq ki, Moldovada daha yaxşı çıxış edək. Şanslar yenə bərabərdi. Orda taktiki cəhətdən düzgün çıxış etsək, mərhələ adlaya bilərik. "Daçiya" da güclüdü, qrupa düşəcək komandadı. Amma biz də zəif deyilik".
- İlk dəfə idi avrokuboklarda məşqçi kimi çıxış edirdiz. Həyəcan var idimi? Tural Qürbətovun çıxışından razı qaldızmı?
- Baş məşqçi daxil olmaqla, komanda şəklində debüt edirdik. Burda hər bir səhv sənə baha başa gələ bilər. O ki qaldı Turala, oyuna düşməsə belə, kömək etdi.
- Komanda matçın sonunda yenidən ayıldı...
- Bu, əvəzetmələrin hesabına oldu. Orta xəttin oyunçularının yorulması iş əmsalını sıfıra endirdi. Buna görə də, sürətli oyunçuları meydana buraxdım. Orxan o epizodda qol vursaydı, gözəl olardı. Gözlədik, son dəqiqələrdə yenə 2 qol vəziyyəti yarada bildik. Oyunun taleyi Kişinyovda həll olunacaq.
- Məşqçilik karyeranız ərzində heç görmüsüz ki, məşqçi qala-qala klub prezidenti kənardan göstərişlər versin? Bir də oğlunuz Kərimin rəqib komandanın prezidenti ilə mübahisə etdiyi epizodla bağlı fikriniz necədi?
- Bəlkə də orda başqa futbolçumuz olsaydı, dava edərdim. Mənim üçün hamısı eynidi. Bizim nə stadionumuz, nə məşq bazamız var. Hamısı şərtdi. Amma mən başda olmaqla, bu uşaqların heç biri bu günə kimi gileylənməyib. Əvvəllər bizdə elə olub ki, məşqçi qala-qala klub prezidenti oyuna müdaxilə edib. Amma indi bizdə elə şey yoxdu. Moldova klubunun daxilli işinə qarışa bilmərik.
- Orxan Əliyev ən azı, 4-5 epizodda komandanın oyununu itirdi...
- Orxan 7-8 aydı futboldan kənarda qaldı. O, çox perspektivlidi, U-21-in üzvüdü. Futbolçunun üstündən xətt çəkmək çox asandı. Meydana buraxıb, 3 dəqiqə sonra çıxaranda, o futbolçu ölür. Ümid edirəm ki, gələcəkdə həmin səhvləri etməyəcək. Orxan "Kəpəz"ə lazımlı futbolçudu.
- Sizcə, klub rəhbərliyi bu nəticəyə görə sizə təşəkkür edəcək, yoxsa məzəmmət?
- Hər ikisini qəbul edəcəm.
- Rəqib komandada klub prezidentinin baş məşqçinin işinə qarışması sizin lehinizə oldu, ya əksinə?
- Adlan Şişxanovun və ya Oleq Bejenarın məşqçilik qabiliyyətindən xəbərim yoxdu. Hər komandanın öz daxili işi, strategiyası var və buna qarışmaq etikadan kənar olar.
- Biz daha güclü "Daçiya" gözləyirdik. Bu komandanı keçməmək sizin üçün uğursuzluq sayılacaqmı?
- Elə düşünmürəm. Futbolda heç vaxt 2 komanda yaxşı oyun göstərə bilmir. Əgər bir komanda zəif çıxış edirsə, deməli, digər komanda yaxşı oynayıb, rəqibinə imkan verməyib. Avropaya yaraşan "Daçiya"dı. Bu komandanı aşağılamaq düzgün deyil. "Kəpəz"in yaxşı oyunu da "Daçiya"nın öz oyununu nümayiş etdirməsinə mane oldu.