FİDE yeni reytinq cədvəlini açıqladı
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.
Sentyabr üçün müəyyənləşən kişi şahmatçıların “Top-100”-ündə Azərbaycanın 4 qrossmeysteri yer alıb.
Millimizin aparıcı üzvləri arasında ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. Təmsilçimiz ötən ayla müqayisədə həm yerini, həm də xalını qoruyub. Avqustda oyun keçirməyən Məmmədyarov yenə 2797 xalla 6-cıdır.
Teymur Rəcəbov isə rəqiblərinin geriləməsi səbəbindən irəliləyib. Qrossmeysterimiz 19-cu pilləyə yüksəlib. O, 2742 xala malikdir.
Rauf Məmmədovun (2678) da mövqeyi dəyişməz qalıb. Şahmatçımız yeni siyahıda da 63-cüdür.
Məmmədyarov, Rəcəbov və Məmmədovdan fərqli olaraq, Qədir Hüseynov “100-lüy”ü tərk edib, milliləşdirilmiş legionerimiz Arkadi Naydic geriləyib. Latviya əsilli qrossmeyster 7 rəqibini özündən irəli buraxıb. Onun 2702 reytinq xalı var.
Siyahıya isə yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2827 xala malikdir. İkinci yeri Maksim Vaşye-Laqrav (2804, Fransa), üçüncü pilləni isə Vladimir Kramnik (Rusiya, 2803) tutur.
Qadınların “Top-100”-ünə isə yığmamızın 2 üzvü düşüb. Günay Məmmədzadə (2393) 70-ci, Gülnar Məmmədova (2384) 84-cüdür. Bu siyahıda 2670 xalla çinli Yifan Hou birincidir.