Üç Tağızadə və maraqlı statistika.

Azərbaycanın əməkdar jurnalisti Abas Əzimov Azərbaycan futbolunda iz qoymuş Tağızadələr barədə yazıb. Olimpsport.az həmin yazını təqdim edir. 

 

1992-ci ildən indiyədək (2015 - 2016) Azərbaycan çempionatında 2727 nəfər futbolçu iştirak edib. Onlardan 936-sı xarici ölkə vətəndaşıdır. Araşdırmalarıma görə, Azərbaycan çempionatında soyadı “M” hərfi ilə başlayan futbolçuların sayı 355 nəfər olub. Sonrakı yerləri “Ə” (234) və “A” (231) hərfləri tutur.

Respublikamızda Məmmədov (112 nəfər), Əliyev (84), Hüseynov (71), Quliyev (53) və Həsənov (47) soyadlı futbolçularımız da üstünlük təşkil ediblər. “T” hərfinə nəzər yetirəndə “Tağızadə” soyadı diqqətimi daha çox cəlb etdi. Odur ki, bu soyadla bağlı keçmişləri araşdırdım.

Tağızadələrin ən böyüyü 60-cı illərin futbolçusu Fuad Tağızadə olub. Futbolda ilk addımlarını Bakının “Ehtiyat Əmək Qüvvələri” cəmiyyətinin eyni adlı komandasında atıb.

Fuad Tağızadə məşhur musiqiçilər - Hacıbəyovlar, Bədəlbəylilər, Əliverdiyevlər və Niyazilər nəslindəndir. Ailə üzvləri səkkiz yaşlı Fuadı da musiqiçi görmək istəyirdilər. Ona skripka alıb, musiqi məktəbinə qoydular. Balaca Fuad musiqi məktəbinə çox həvəssiz gedirdi. Onun sevdiyi bir şey var idi, o da futbol.

1957 - ci ildə 17 yaşlı Fuad Xarkovda keçirilən “Ehtiyat Əmək Qüvvələri” cəmiyyəti Mərkəzi Şurasının birinciliyində qüvvəsini sınayıb. Fuadın çıxış etdiyi komanda yaxşı yer tuta bilməyib. Lakin o, həmin yarışda oyunu ilə futbol mütəxəssislərinin diqqətini cəlb edib.

SSRİ-nin məşhur məşqçisi Oleq Oşenkov onu Leninqradın “Ehtiyat Əmək Qüvvələri” komandasına götürüb. İki il gərgin məşqlərdən sonra komanda Almaniyanın Rostok şəhərinə yola düşüb. Burada Leninqradın “Ehtiyat Əmək Qüvvələri” komandası, eləcə də Polşa, İsveç, Norveç, İslandiya, Finlandiya, Danimarka futbolçuları beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Leninqradlılar ilkin oyunları inamla keçirərək finala çıxıblar. Finalda onlar meydan sahibləri ilə, almanlarla qarşılaşıblar. Çox gərgin keçən görüş 2:1 hesabı ilə Fuadın çıxış etdiyi komandanın xeyrinə qurtarıb. Oyundan sonra həmyerlimizə SSRİ idman ustası adı verilib.

Sonradan Bakıya qayıdan Fuad “Neft daşları”, Gəncənin “Dinamo” və Bakının “Neftyanik” komandalarında oynayıb.

1963 - cü ildə “Neftyanik”də oynadığı zaman SSRİ Futbol Federasiyası ölkə çempionatının güclülər dəstəsində çıxış edən futbolçular arasında müsabiqə keçirib. Müsabiqəyə hər iki ayaqla güclü zərbə vurmaq, topu autdan oyuna daxil etmək, 100 metr məsafəyə qaçmaq, topu yerə salmadan, bədənin müxtəlif əzaları ilə çiləmək daxil idi. Fuad (“Neftyanik”) sonuncu müsabiqədə qalib gəlib. Digər müsabiqələrdə Valeri Lobanovski (“Dinamo” K.), Nikolay Deqtrayov (“Şaxtyor”) və Oleq Maltsev (“Kayrat”) fərqlənmişdilər. Bu barədə Fransanın “Paris matç” jurnalı daha geniş məlumat verib.

Fuad futbol oynamaqla yanaşı təhsilini də unutmayıb. O, Azərbaycan bədən tərbiyəsi və idman institutunu, habelə Azərbaycan Politexnik institutunun avtomobil nəqliyyatı şöbəsini bitirib.

77 yaşlı Fuad indi də futbolsuz qala bilmir. Onu da tez - tez stadionlarda görmək olar. O, veteran futbolçular ilə görüşür, dünənlə bağlı xatirələri yada salır.

 

Bu, Zaur Tağızadədir

İndi söz açacağım Tağızadəni hamı yaxşı tanıyır. Bu, Zaur Tağızadədir.

O, 1997 - ci ildən Azərbaycan çempionatında oynamağa başlayıb. Əvvəlcə V - 18, sonra isə “Şəfa” komandasında çıxış edib. 2003-cü ildə Azərbaycanın 1N - li komandası sayılan “Neftçi” onu öz sıralarına qəbul edib.

Zaur Tağızadə “Neftçi”nin heyətində iki dəfə qızıl, iki dəfə bürünc medala layiq görülüb. Bir dəfə isə Azərbaycan kubokunu qazanıb.

Zaur Azərbaycan çempionatında 205 oyun keçirib və 48 qol vurub. O daha çox oyun keçirə bilərdi. Lakin tez - tez aldığı zədələr onu futboldan daha tez ayrılmağa məcbur edib.

Zaur milli komandamızın rəsmi matçlarında 40 oyun keçiib və altı top vurub. Mən onun “Neftçi”nin və milli komandanın heyətində vurduğu iki qolu indiyədək unuda bilmirəm. Bu qollardan biri Gəncədə qeydə alınıb.

13 - cü (2004-05) Azərbaycan çempionatında “Neftçi” və “Xəzər Lənkəran” komandası hərəyə 78 xal toplamışdı. Çempionu aşkar etməkdən ötrü 2005-ci il iyunun 10-da Gəncədə əlavə oyun keçirilmişdir. Oyunun 73 - cü dəqiqəsi gedirdi. Hesab 1:1 idi. Oyun “Xəzər Lənkəran”ın qapısı ağzında gedirdi. Qol vəziyyəti yox idi. Zaur necə elədisə, top lənkəranlıların qapısından keçdi. Və bu qol “Neftçi”yə qızıl medal qazandırdı.

1999 - cu il sentyabrın 4 -də Azərbaycan milli komandası Bakıda Avropa çempionatının seçmə oyununda Portuqaliya futbolçuları ilə görüşürdü. Oyunun 51 - ci dəqiqəsində Zaur sağ kənardan sürətlə irəliləyərək təxminən 20 metr məsafədən topu Portuqaliya komandasının kapitanı Vitor Bayyonın qoruduğu qapıya vurmuşdur. Qol! Lakin görüşün son saniyəsində Luis Fiqo cərimə zərbəsindən sonra hesabı bərabərləşdirmişdir. Azərbaycan çempionatında və beynəlxalq görüşdə Zaurun vurduğu iki top heç vaxt futbol həvəskarlarının yadından çıxmayacaq.

Hazırda Zaur Tağızadə Ağdamın “Qarabağ” komandasında məşqçi kimi çalışır.

 

Üçüncü Tağızadə

Üçüncü Tağızadə isə Zaur Tağızadənin pərəstişkarı və ondan 14 yaş kiçik olan Ruslan Tağızadədir. Ruslan 2011 - ci ildən “Sumqayıt” komandasında çıxış etməyə başlayıb. Sonra o, “AZAl”, “Qəbələ” və “Rəvan” komandalarının şərəfini qoruyub. İndiyədək Ruslan Azərbaycan çempionatında 139 oyun keçirib və yeddi top vurub.

Ruslan Tağızadə Azərbaycan futbolunda hələ öz sözünü deməyib. Biz əminik ki, o, öz oyununda bir dönüş yaradacaq və milli komandaya vəsiqə qazanacaq.

Abas Əzimov Azərbaycanın əməkdar jurnalisti