PFL prezidenti məhkəməyə verilir

“Mançester Siti” klubu İspaniyanın Peşəkar Futbol Liqasının (PFL) prezidenti Xavyer Tebası məhkəməyə verməyə hazırlaşır.
 
Buna səbəb Tebasın “şəhərlilər”in transfer siyasəti ilə bağlı ittihamlarla çıxış etməsidi.
 
PFL rəhbəri bir müddət əvvəl açıqlamasında “Mançester Siti” və PSJ-ni futboldan kənar qazanclarla əldə etdiyi gəlirləri transferlərə xərcləməkdə günahlandırmışdı.
 
Tebas “Mançester Siti” sahibinin hissələrinin 44,3 faizini aldığı La Liqa təmsilçisi “Xirona”nın da buna alət olduğunu qeyd edib. O, ingilislərin maliyyə feyr-pley qaydalarını pozmamaq üçün heyətə düşə bilməyən gənc oyunçuları yüksək məbləğ qarşılığında “Xirona”ya icarəyə verdiyini iddia edib.
 
Bu fikirlərdən narazı qalan “Mançester Siti” klubu iddiaların əsassız olduğunu və məsələnin məhkəmə yolu ilə həll ediləcəyini açıqlayıb.
 
Qeyd edək ki, “Xirona” bu mövsüm “şəhərlilər”dən Marlos Moreno, Aleyş Qarsiya, Olarenvayu Kayode, Pablo Maffeo və Duqlas Luisi icarəyə götürüb. “Mançester Siti” isə yay fasiləsində Benjamin Mendi, Bernardo Silva, Kayl Uolker, Ederson və Danilonun transferi üçün ümumilikdə 200 milyon avrodan çox xərc çəkib.