"Neftçi" "Baltsan"a, "Qəbələ" "Samtredia"ya qarşı
Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Olimpsport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən komandaların da ikisi yeni mövsümdə ilk matçına çıxacaq.
Söhbət "Qəbələ" ilə "Neftçi"dən gedir. Bölgə təmsilçisi Bakıda Gürcüstan "Samtredia"sını qəbul edəcək. Paytaxt klubu isə səfərdə Malta "Baltsan"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.
Ötən mövsüm də startda Gürcüstan təmsilçisi - Tiflis "Dinamo"su ilə qarşılaşan Roman Qriqorçukun komandası uğurlu çıxışı ilə futbol ictimaiyyətini təəccübləndirərək, Avroliqanın qrup mərhələsinə qədər irəliləməyi bacardı. Qəbələlilər bu mövsüm də eyni uğuru təkrarlamaq üçün "Samtredia" üzərində elə ilk oyunda inamlı qələbə qazanmalıdır ki, səfərə rahat yollansın.
"Neftçi"nin işi isə daha asandır. Vəli Qasımovun komandası elə də güclü olmayan rəqibi ilə dueldə işi səfərdəcə həll edə bilər. Amma istənilən halda "ağ-qaralar" cavab matçını doğma meydanda keçirəcək və cütün taleyini Bakıda, doğma azarkeşlərinin dəstəyi sayəsində həll etmək şansına malikdir.
Qeyd edək ki, Azərbaycanın Avroliqadakı digər təmsilçisi - "Kəpəz" ilk rəqibi Moldova "Daçiya"sı ilə iki gün öncə Bakıda qarşılaşdı və qolsuz heç-heçəyə razılaşdı. Bütün təmsilçilərimizin cavab oyunları iyulun 7-də baş tutacaq.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
30 iyun
20:00. "Baltsan"- "Neftçi"
Baş hakim: Yovan Kaludjeroviç (Çernoqoriya).
Paola. "Hibernians" stadionu.
21:00. "Qəbələ" - "Samtredia"
Baş hakim: Denis Şerbakov (Belarus).
Bakı. 8-ci km stadionu.