Yakub Jezniçakdan əlil azarkeşlərə dəstək

“Çelsi”nin sabiq baş məşqçisi Avram Qrantın Azərbaycana səfərinin səbəbi müəyyənləşib.
 
İsrailli mütəxəssis “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçakın dəstək verdiyi layihə üçün ölkəmizdə olub.
 
Bu barədə Ağdam klubunun yayda transfer etdiyi futbolçu özü məlumat verib. O, sabiq komandası “Legiya”nın əlil azarkeşləri üçün hazırlanan xeyriyyə layihəsində Qrantdan kömək istəyib.
 
13 il formasını geyindiyi Polşa klubunu hələ də unutmayan 31 yaşlı müdafiəçi “Legiya”nın “Əlil fanatlar” qrupu ilə növbəti dəfə görüşüb. Polşa millisinin keçmiş oyunçusu onun üçün əziz olan qrupun 15 üzvünü “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə sentyabrın 12-də keçirəcəyi səfər qarşılaşmasına dəvət edib. Bu layihədə ona Avram Qrant da kömək edəcək. 62 yaşlı mütəxəssis bu yaxınlarda məhz futbolçu ilə layihə məsələsini müzakirə etmək üçün Bakıda olub.
 
“Əlil fanatlar” qrupu ilə görüşdən məmnun ayrılan Jezniçak sosial şəbəkə vasitəsilə onlara təşəkkür edib: “Hər birinizə təşəkkür edirəm. Məqsədim və arzum sizə dəstəyimi davam etdirməkdi. Londona getməyə hazırlaşırıq. Ümid edirəm ki, bu, bizim birgə sonuncu fəaliyyətimiz olmayacaq”.
 
Qeyd edək ki, Yakub Jezniçak 2004-2017-ci illərdə “Legiya”nın formasını geyinib. Bu klubun sadiq azarkeşləri hesab edilən “Əlil fanatlar” qrupu isə 2006-cı ildən fəaliyyət göstərir.