"Çelsi"nin futbolçusu: "Qarabağ" işimizi çətinləşdirə bilər"

İngiltərənin "Çelsi" klubunun futbolçusu Sesar Aspilikueta Çempionlar Liqasından (ÇL) gözləntilərini bölüşüb. 28 yaşlı müdafiəçi klubun rəsmi saytına açıqlamasında Avropanın ən nüfuzlu turnirində iştirak etməyi hər bir futbolçunun arzusu kimi dəyərləndirib. 
 
"Belə oyunlarda çıxış etmək mənim çox xoşuma gəlir" deyən ispaniyalı futbolçu ötən mövsüm ÇL-i buraxdıqlarını xatırladıb: "Bizə bu turnirə qayıtmaq çox vacib idi. İndi isə dönüşümüzün möhtəşəm alınacağına ümidvarıq". 
 
Aspilikueta qələbənin "Çelsi" üçün önəminə də toxunub: "Biz matçdan-matça irəliləyəcəyik. İlk addım qrupda qələbə və "pley-off"a birinci pillənin sahibi kimi vəsiqə ola bilər. Rəqiblərimizə baxsaq, aydın olur ki, onların hər biri işimizi çətinləşdirməyə qadirdir. Bu, bizi özümüzü ələ almağa və bütün oyunlara 100 faiz köklənməyə vadar edə bilər. ÇL-də qələbə bizim üçün çox böyük anlama malik olacaq. Fikrimcə, bunu hamı istəyir. Bu turnirdə iştirak etdikdə, yalnız qələbə arzulayırıq". 
 
Qeyd edək ki, "Çelsi" ÇL-də mübarizəyə sentyabrın 12-də başlayacaq. Həmin gün "zadəganlar" Londondakı "Stemford Bric" stadionunda "Qarabağ"ı qəbul edəcəklər. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.