Hər şey əladı!

Qəbələnin yeni transferi 25 yaşlı yarımmüdafiəçi Filip Ozobiç “Samtredia” ilə oyundan öncə müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.

“Qəbələ”yə yeni qoşulmusan. Adaptasiya dövrün necə keçir?
- Hər şey əladı! Komanda yoldaşlarım da, mühit də, rəhbərlik də, şərait də məni qane edir. İnanıram ki, dediyim sözləri sabah meydanda da sübuta yetirəcəyik. Çünki “Qəbələ”dəki ab-hava möhtəşəmdi. Biz sabah qələbə qazanacağıq!

- Oyun üslubunu təhlil edərkən, maraqlı bir faktı üzə çıxardıq: müdafiəçilər vaxt öldürmək üçün bir-birilərinə ötürmə etdikdə, “oğru pişik” kimi irəli sıçrayır, topu ələ keçirirsən. Yəqin ki, gürcülərin də oyununu təhlil etmisiniz. Bu bacarığını “Samtredia” ilə oyunda nümayiş etdirə biləcəksən?
- Təki rəqib oyun üslubumu sizin kimi araşdırmasın. Məhz bu kozırımdan istifadə edərək, onları cəzalandırmağı planlaşdırıram. Sabah qol vurmaq, qəbələli fanatları sevindirmək arzusu ilə alışıb-yanıram. Hücum xəttində oynayıram. Başa düşürəm ki, özümü yaxşı tərəfdən göstərməyin ən asan və qısa yolu qol vurmaqdı. Elə ilk oyundaca bunu edəcəyimi düşünürəm.

- Rəqib haqda nə deyə bilərsən?
- Bunu mən yox, baş məşqçimiz deməlidi. O, nəyi və necə etməli olduğumuzu bizə başa salıb. İndi növbə biz – futbolçulardadı: sadəcə, meydana çıxıb, onun təlimatlarını düzgün yerinə yetirməliyik.

- Yeni komanda yoldaşlarından dostlaşdığın futbolçular var, yoxsa hələ yeni gəldiyin üçün səni doğma kimi qəbul etmirlər?
- Siz nə danışırsınız!? Sanki illərdi “Qəbələ”də oynayıram. Hər bir komanda üzvümüz özümü rahat hiss etməyim üçün hər şeyi edir. Ancaq David Petrkeviç və Voyislav Stankoviçlə yaranan münasibətlərimizi qeyd etməyə bilmərəm. Bir də Nika Kvekveskirini xüsusi qeyd etmək istəyərdim. Gürcü yarımmüdafiəçiylə həm də bir otaqda qalırıq.

- Sabah final fiti səsləndikdə tablodakı hansı nəticə səni qane edər?
- 2:0.

- Amma baş məşqçiniz az öncə analoji suala “6:0” cavabını verdi...
- Qriqorçuk belə dedi? Ok, deməli, 6:0 udacağıq.

 futbolinfo.az