Roman Qriqorçuk"etiraf edim ki, gənclər hələ bu səviyyədə oyunlara hazır deyil."
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsinin ilk oyununda Gürcüstan "Saatredia"sını qəbul edəcək "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.
Olimpsport.az xəbər verir ki, ukraynalı mütəxəssis komandasının favorit kimi göstərilməsinin əleyhinə olduğunu bildirib. - Avrokubok mövsümünün başlaması münasibəti ilə sizi də, özümüzü də təbrik edirəm.
Ötən mövsüm Tiflis "Dinamo"su ilə oyundan öncə və bu gün hansı vəziyyətdəsiniz?
- Müqayisə etmək istəməzdim. Bir il keçib üstündən. İndiki vəziyyətimizi qiymətləndirə bilərəm. Biz yaxşı vəziyyətə gəlmək üçün hər şeyi etmişik. Yeni gələn futbolçulardan çox razıyam. Onların meydanda etdikləri tələblərimə cavab verir. İnanıram ki, sabahkı rəsmi oyunda da istədiyimi həyata keçirəcəklər.
Yeni gələnlərin heyətdə anlaşması hansı səviyyədədi?
-Hücum xəttimiz bütövlüklə yeni oyunçulardan ibarətdi. Hazırlıq vaxtı onlar nə istədiyimi anlayırdılar. Ancaq sabahkı görüşdə anlamalarını yox, bunu həyata keçirmələrini istəyirəm. Özümə də maraqlıdı ki, komandamız sabah hansı durumda olacaq.
-Rəqib haqda dolğun məlumat toplaya bilmisinizmi?
-Komanda olduqca maraqlı futbol sərgiləyir. Futbolçuları özlərinə güvənir. Özlərinə arxayındılar. Hücum etməyi bacarırlar. Ancaq düşünürəm ki, biz onları yaxşı təhlil etmişik. Eyni zamanda, daha önəmli onların oyunu deyil, bizim istədiyimiz futbolu sərgiləməyimizdi. Yaxşı nəticə əldə etmək istəyiriksə, hücumda məhsuldar və rəngarəng olmalıyıq.
-Ötən mövsüm 4 mərhələ adlayıb, qrupa düşdünüz. Ancaq bütün hallarda favoritə qarşı çıxış edirdiniz. Bu dəfə favorit kimi oyuna çıxacaqsınız. Psixoloji cəhətdən özünüzü necə hiss edirsiniz?
-Favorit olmağımızla razılaşmıram. Hesab edirəm ki, şanslarımız bərabərdi. Hətta necə görünəcəyimiz mənim üçün də sirdi. Hesab edirəm ki, kim daha yaxşı hazırlaşıbsa, o tərəf də cütlüyün qalibi olacaq. Bu üzdən də psixoloji təzyiq altında olacağımızı düşünmürəm. Rəqibi yaxşı təhlil etmişik. Futbolçularımız da gürcülərin oyununu görüb. Rəqibə real qiymət veririk. Ancaq həm mən, həm də futbolçularımız qalib gəlmək əzmindəyik.
-Zenyov barədə fikrinizi dəyişməyə nə təsir etdi?
-Sergeyin "Qəbələ"ylə müqaviləsi var. Normal hazırlaşıb. Biz ona güvənirik. O ki qaldı komandaya gec qoşulmasına, bunun obyektiv səbəbi var. O, fərdi qaydada hazırlaşdı və fiziki formasını bərpa etdikdən sonra komandaya qoşuldu.
-Start heyəti müəyyənləşdirmisinizmi?
- Özüm üçün müəyyənləşdirmişəm. Ancaq strateji cəhətdən bunu açıqlamayacam. Seçimimiz o qədər də geniş deyil. Yeni gənc futbolçularımız var. Ancaq etiraf edim ki, gənclər hələ bu səviyyədə oyunlara hazır deyil. -