“Qəbələ” klubunun futbol direktoru “Arsenal”dan təklif alıb.

“Qəbələ” klubunun futbol direktoru Toni Adams Azərbaycanı tərk edə bilər.
 
 
Olimpsport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, əfsanəvi futbolçu doğma klubu “Arsenal”dan təklif alıb.
 
Belə ki, Adamsla danışıqlara başlayan londonlular ona klubun 18 yaşadək futbolçulardan ibarət komandasını çalışdırmağı təklif ediblər. “Topçular” İngiltərə yığmasının sabiq üzvünün geri qayıdacağına və keçmiş komanda yoldaşı Tyerri Anri ilə birgə işləməyə razı olacağına inanırlar.
 
Hələ ki, tərəflər arasında razılıq əldə olunmayıb. Bir müddət öncə adı Danimarkanın “Brondbü” klubu ilə birgə hallanan Adamsın hansı qərar verəcəyi maraqla gözlənilir.
 
 Qeyd edək ki, məşqçilik karyerasına 2003-cü ildə başlayan Toni Adams bu vaxta qədər “Uikomb Uanderers” (2003-2004), “Portsmut” (2008-2009) və “Qəbələ” (2010-2011) klublarını çalışdırıb.