Ağasəlim Mircavadov" Baş məşqçi komandanın istənilən nəticəsinə cavabdehdi".

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.

 

- “Kəpəz” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Daçiya” ilə Bakıda qolsuz bərabərə qaldı. Gəncə klubunun hazırkı durumu ürəyinizcədimi?

- Oyuna stadiondan baxırdım. Ümumiyyətlə, Azərbaycan klublarının hazırlıq dövrü çox az olur. Bu da mübarizəyə birinci mərhələdən qoşulmaqla bağlıdı. “Kəpəz” cəmi 2 həftə toplanış keçmişdi. İki həftəyə görə, komanda yaxşı təsir bağışladı. Uşaqlarda istək var idi, nələri var idisə, meydanda qoydular. Gücləri bitənə qədər oynadılar.

 

- “Daçiya” cütün favoriti sayılırdı. Sizə elə gəlmədi ki, Moldova klubu deyildiyi qədər də güclü deyil?

- Məncə, “Daçiya” Bakıda minimum vəzifəni yerinə yetirdi. Onlar bura 0:0 hesabı üçün gəlmişdilər. Ona görə də top saxlamaqla məşğul idilər, hücum eləmirdilər. Topun hesabına “Kəpəz”i yormaq və imkan düşərsə bir epizoddan istifadə etmək istəyirdilər. Həmin epizodu isə “Kəpəz” onlara vermədi. Əlbəttə ki, “Daçiya” Moldovada hücuma keçəcək. Bu da “Kəpəz”ə əks-hücumlar imkanı yaradacaq. Gəncə komandasının da əks-hücum üçün sürətli oyunçuları var.

 

- Rəqib komandanın prezidenti Adlan Şişxanov sanki baş məşqçi idi. Onun komandanı texniki zonadan idarə etməsi sizə qəribə gəlmədi?

- Xeyr, normal qarşıladım. SSRİ dönəmində belə hallar qəribə olardı. Çünki həmin vaxt klub rəisinin bu cür ixtiyarı yox idi. “Daçiya”nın baş məşqçisi Oleq Bejenar sona qədər texniki zonada oturdu. Bəyəm Azərbaycanda belə bir şey olmayıb?

 

- Siz baş məşqçisi olduğunuz komandada bunu qəbul edərsiniz?

- Mən bunu heç vaxt qəbul eləmərəm. Baş məşqçinin ayrı vəzifəsi var, prezidentin ayrı. Prezident əgər baş məşqçini dəvət edirsə, deməli, onun biliyinə, ağlına, işinə inanır.

 

- Görünür, “Daçiya”nın prezidenti baş məşqçiyə güvənmir...

- Güvənmirsə, bu onun öz işidi. Mən stadionda həmin situasiyanı görəndə təəccüblənmədim. Çünki belə şeyi çox görmüşəm.

 

- Avropa Liqasındakı digər təmsilçilərimizdən “Qəbələ” bu gün Gürcüstan klubu “Samtredia”nı qəbul edəcək. Roman Qriqorçukun komandasının şansını necə görürsünüz?

- “Qəbələ” ötən mövsüm Avroliqada çox yaxşı çıxış etdi, qrupa qədər irəlilədi. Bu, futbolumuz və klubun inkişafı üçün çox gözəl haldı. Adətən Gürcüstan komandaları öz meydanlarında çox güclü oynayır, səfərdə müdafiədə oturub, qol buraxmamağa çalışırlar. “Qəbələ” bu gün ilk növbədə qol buraxmamalı və imkan daxilində yaratdığı imkanlardan istifadə etməlidi.

 

- “Qəbələ” ötən il Gürcüstanın digər təmsilçisi “Dinamo” ilə qarşılaşmışdı. Həmin vaxt səfər matçı zamanı yerli azarkeşlər futbolçularımızı təxribata çəkmişdilər ki, bu da ciddi təhlükəsizlik probleminə səbəb olmuşdu. Oyunçularımız yenə eyni halla üzləşə bilərlərmi?

- Oyunçularla bu yöndə iş aparılmalıdı. Hər bir futbolçu peşəkar olmalıdı, bu tələblərə cavab verməlidi. Qol vuranda artıq hərəkətlərə yol verilməməlidi. Öz oyununu oyna, qola da normal sevin. Qurtardı, getdi. Fransada keçirilən Avropa çempionatı peşəkar futbolçunun necə davranmalı olduğunu göstərir. Heç kim artıq hərəkətə əl atmır. Futbolçular gərək təxribata uymasınlar. Onlar Gürcüstan komandasına qarşı nəyə görə oynadıqlarını dərk etməlidilər. Məqsəd yalnız Avrokubokda qələbə qazanıb, mərhələ adlamaq olmalıdı.

 

- “Neftçi” isə Maltada “Baltsan”ın qonağı olacaq. Yenilənmiş “Neftçi”dən nə gözləmək olar?

- Malta futbolu barədə elə bir informasiyam yoxdu. Yalnız yığmalarını görmüşəm. Malta adadı da, amma stadionları çox gözəldi. Yenilənmiş “Neftçi”dən ilk növbədə oyunu qurmağı gözləmək lazımdı. Hazırlıq az olanda əsasən futbolçunun xarakteri və istəyi ön plana çıxır. “Neftçi”nin yerli məşqçilərə üstünlük verməsinə də çox şadam. Rəhbərlik baş məşqçiyə güvənirsə, ona kömək etməlidi. Komandada əsas yük prezidentin yox, baş məşqçinin üzərinə düşür. Baş məşqçi öz sözünü deməlidi. Çünki komandanın istənilən nəticəsinə cavabdehdi.

 

- Son olaraq Avropa Liqasındakı hər 3 komandamızın mərhələ şansını necə dəyərləndirərdiniz?

- Bu gün hər iki oyunda qələbə olmalıdı. Hər şey baş məşqçinin taktikasından, strategiyasından asılıdı. Avrokubok iki oyundan ibarət olur. Hazırlıq az olsa da, məşqçi elə strategiya qurmalıdı ki, komanda iki oyunun nəticəsinə görə mərhələ adlasın.

 

- Klublarımızdan hansınınsa qrupa qədər irəliləyəcəyinə inanırsınızmı?

- Düzü, heyətində dəyişiklik edilmiş “Neftçi” və “Qəbələ”nin oyununu görməmişəm. Hələlik yalnız “Kəpəz”ə bələdəm. Mən deyərdim ki, komanda hələ tam komplektləşməyib, 2-3 yeni transferə ehtiyacları var. “Daçiya”nın oturuşmuş heyəti var, topla oynamağı bacarırlar. Bu üzdən “Kəpəz” üçün səfərdə oynamaq çox ağır olacaq.