Hər il daha yuxarılarda olmaq istəyirik
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuna 5:1 hesabı ilə qalib gəldikləri oyundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Olimpsport.az həmin müsahibəmi təqdim edir:
- Oyunla bağlı danışardınız...
- Belə olacağını gözləməsək də, Gürcüstandakı təlim-məşq toplanışında yaxşı komanda qurulduğunu göstərdik. Bu da oyunda özünü bir daha biruzə verdi. Bizə ilk dəqiqələrdən təzyiq yaradıb, qol vurmaq tapışırılmışdır. Tapşırıq da öz bəhrəsini verdi.
- İkinci hissədə bir az geri çəkildiniz...
- 3:0 hesabı ilə önə keçdikdən sonra arxayınlaşma hər komandada olur. Rəqib komanda ikinci hissənin ilk 15 dəqiqəsində bizi təzyiqdə saxladı və qol da vurdu. Buraxılan qoldan sonra komandamız özünə gəldi. Layiqli qələbə qazandıq.
- Bu nəticə sizin daha güclü olmağınızdan irəli gəlir, yoxsa rəqibin daha zəif olmağından?
- Fikrimcə komandamız layiqli qələbə qazandı. Rəqibin zəif olmasını oyuna baxanlar deyə bilər. Bunu biz deyə bilmərik. Yəqin ki, 5:1 hesabı ilə qələbə qazanmağımız güclü olduğumuzdan irəli gəlir.
- Oyundan öncə sizə 5:1 hesabı ilə qələbə qazanacağınızı desəydilər, buna reaksiyanız necə olardı?
- Bu futboldur, hər şey ola bilər. Komandamız Gürcüstanda çox yaxşı oyunlar sərgilədi. Düzdür, sonuncu yoxlama görüşü heç-heçə bitsə də, həmin matçda da tam heyətlə oynamırdıq. Doğrudan da, yaxşı komanda qurulub. Mənə elə gəlir ki, builki komandamız ötən ilki komandadan daha güclüdür. Ola bilsin ki, növbəti mərhələlərdə bəxtimiz gətirməz. Daha güclü rəqiblə qarşılaşarıq və qrupa düşməyə bilərik. Lakin builki komandamız daha güclüdür.
- Səfərdə hesabı qoruyacaqsınız, yoxsa qələbə üçün meydana çıxacaqsınız?
- Biz səfərdə də qələbə qazanmaq istəyirik. Motivasiyamız yaxşıdır.
- Növbəti mərhələdəki potensial rəqibiniz MTK (Macarıstan) Qazaxıstanda "Aktobe" ilə heç-heçə etdi - 1:1. Macarıstan təmsilçisi mərhələ adlamağa daha yaxın görünür. Hansı rəqiblə qarşılaşmaq istərdiniz?
- Bu haqda hələ fikirləşmirik. Bizim hələ səfər oyunumuz var. Qələbə qazanmaq istəyirik ki, reytinqimiz daha da yüksəlsin. Hər il daha yuxarılarda olmaq istəyirik. Əlimizdən gələni edərək qələbə qazanaq, daha sonra növbəti turdakı rəqibimiz haqda düşünərik. Növbəti turun oyununa ciddi hazırlaşmalıyıq.
- "Qəbələ" avrokuboklarda ev oyununda 5 qol vuraraq, öz rekordun yeniləyib...
- Bu, həm bizim, həm də xalqımız üçün çox sevindiricidi haldır.