“Qəbələ”dən rekord və ilklər

Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia” klubu ilə qarşılaşan "Qəbələ” Bakıda keçirilən ilk oyunda 5:1 hesabı ilə qalib gəlib.

 

Olimpsport.az xəbər verir ki, bu, klub tarixinə ən böyükhesablı avrokubok qələbəsi kimi düşüb.
 
Ardıcıl 3-cü dəfə qatıldığı yarışda 4-cü qələbəsini qazanan "qırmızı-qaralar” əvvəlki oyunlarda iki dəfə 2:0, bir dəfə 1:0 hesabı ilə qalib gəlib. İlk dəfə böyük hesablı – 3 və daha çox top fərqilə qələbə qazanan "Qəbələ” Azərbaycan futbolu tarixinə də düşüb. Əyalət təmsilçisi ev oyununda ən çox qol vuran komanda ünvanına yiyələnib. Bunadək heç bir Azərbaycan klubu öz meydanındakı avrokubok görüşündə 4-dən artıq qol vurmamışdı ki, bunu gerçəkləşdirən ilk klub "Qəbələ” olub. "Qırmızı-qaralar” həm də ən böyükhesablı ev qələbəsinə - 4 top fərqilə qalib gəlmək rekorduna da şərik olub.


"Qəbələ” – "Samtredia” qarşılaşması bir sıra digər məqamlarla da əlamətdar olub:


- Debüt oyununda het-trikə imza atan Teo Uiks "Qəbələ”nin tarixində avrokubok matçında 3 qol vuran ilk futbolçu kimi düşüb. Ümumilikdə isə liberiyalı Azərbaycan klublarının qitə miqyaslı turnirlərdə 3-cü het-trikinin müəllifidir.


- Teo həm də "Qəbələ”nin tarixində 3-cü het-trik müəllifi olub. Bu oyunadək onlar yalnız 2 dəfə - 1 dəfə Azərbaycan kuboku, 1 dəfə Premyer Liqada bunu bacarıblar.


- "Qəbələ”nin 4-cü, Uiksin 2-ci qolu klub tarixinin avrokuboklarda ümumilikdə 15-ci, evdə 10-cu topu olub.


- "Qəbələ”nin 2-ci qolunun müəllifi Sergey Zenyov "qırmızı-qaralar”ın Roman Qriqorçukun rəhbərliyi altında 100-cü topuna sevinib. Komanda ukraynalı mütəxəssisin baş məşqçiliyi altında 103 qol vurub, 65-ni buraxıb.


- Roman Qriqorçuk "Qəbələ” ilə 15-ci avrokubok matçına çıxıb. Bu qarşılaşmalarda 4-cü qələbəsini qazanan komanda 5 heç-heçə edib, 6 məğlubiyyət alıb, 16 qol vurub, 19-nu buraxıb.
 
- Vojislav Stankoviç "Qəbələ”də 40-cı oyununu keçirib.
 
- Start heyətində meydana çıxan 4 futbolçu - Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç və Baqali Dabo, həmçinin meydana sonradan daxil olan Tellur Mütəllimov "Qəbələ”də ilk rəsmi oyununu keçirib. Klubun 11 illik tarixində "qırmızı-qara” forma geyinənlərin sayı 207-yə çatıb.


- Uiks ilk liberiyalı, Ozobiç ilk xorvatiyalı olub. Bununla da "Qəbələ”də təmsil olunan ölkələrin sayı 37-yə çatıb. Bu matçadək 35 ölkədən 99 legioner rəsmi matçlarda "qırmızı-qaralar”ın heyətində çıxış edib. Kvekveskiri, Dabo, Uiks və Ozobiç 37 ölkədən olan legionerlərin sayını 103-ə çatdırıb. Digər 104 oyunçu isə yerli futbolçulardır.


- Kvekveskiri 10-cu gürcüstanlı, Dabo 2-ci fransalıdır.