Mən heç vaxt deməmişdim ki, "Sumqayıt”dan ayrılacam
Dünən "Sumqayıt”ın doğma şəhərdə keçirdiyi təlim-məşq toplanışındakı məşqi başa çatdıqdan sonra komandanın aparıcı futbolçusu Vaqif Cavadovla müsahibə verib. Verdiyi müsahibədə təcrübəli futbolçu "Sumqayıt”dakı son durumdan, özünün komandada qalması səbəblərindən danışdı:
Olimpsport.az həmin müsahibəni təqdim edir.
- Vaqif Cavadovun "Sumqayıt”da qalıb-qalmayacağı ilə bağlı çox söz-söhbətlər oldu. Daha doğrusunu səndən eşidək. Komandada qalmağına səbəb nə oldu?
- Düzdü, belə söz-söhbətlər var idi. Amma mən heç vaxt deməmişdim ki, "Sumqayıt”dan ayrılacam. Mən bildirmişdim ki, danışdığım ilk klub "Sumqayıt” olacaq. Birinci səbəb budu ki, tez-tez komanda dəyişən futbolçuları sevmirəm. Özüm də bunu xoşalayan adam deyiləm. Hər mövsümdə komanda dəyişmək məqsədə uyğun deyildi. İkinci növbədə isə ailəmə görə "Sumqayıt”da qalmağa üstünlük verdim. Sumqayıt şəhəri evimə yaxın olduğu üçün burada qalmağa qərar verdim.
- Hər-hansı təklif var idimi?
- Təkliflər var idi. Ancaq indiki çempionatda "Qarabağ” və "Qəbələ”ni bir yana qoymaq şərtiylə bütün komandalar eyni səviyyədədi. Bakıda qalmağımın səbəbi ailə məsələləri ilə bağlı idi.
- Sən həmişə iddialı komandalarda oynamısan. Ona görə ki, daima diqqətdə olasan və milli komandada forma geyinəsən. Amma son zamanlar bu fikirlərin üst-üstə düşmür. Problemin kökündə nə var?
- Problemin kökündə heç nə yoxdu. Mən həmişə iddialı olmuşam və indi də iddialıyam. "Sumqayıt”a ötən il gəldim və formamı bərpa etməli idim. Əgər komandamız iddialı olmayacaqsa, bəlkə də burda qalmarıq. Mən inanıram ki, "Sumqayıt” bu mövsüm uğurlu olacaq. Necə iddialı olduğumuzu mövsüm ərzində görəcəksiniz.
- Yeni mövsüm üçün "Sumqayıt”ın iddiası nədi? Daha fərqli komanda görəcəyik, yoxsa...
- Yenə də təkrar edirəm ki, "Sumqayıt” 7-8-ci yerlər üçün oynamayacaq. Fərqli "Sumqayıt” yarada biləcək gücdəyik.
- Bir komandanın daha güclü olması üçün yeni transferlərə ehtiyac duyulur ki, həmin transferlərin içində legioner futbolçular da olmalıdı. Komandanın legioner futbolçu transfer etməməsi işinizə necə təsir edəcək?
- Mən deməzdim ki, legionersiz iş getmir. Bu, yalnız bizim mentalitetimizə uyğundu ki, əgər legioner gətirsən, komanda güclənəcək. Xeyr, mən bu fikirlə razı deyiləm. Biz 2007/08 mövsümündə "Qarabağ”a toplaşanda, komandanın özəyini yerli oyunçular təşkil edirdi. Yerli oyunçular da nəticə verdi və "Qarabağ” sevimli komanda oldu. İndi də "Sumqayıt” ancaq yerli futbolçulardan ibarətdi. Həmin kollektiv, həmin ruh uşaqlarda olsa "Sumqayıt” "Qarabağ”ın həmin nəticəsini verə biləcək.
- Rusiyada MOİK-in əvəzedici komandasında oynadığın vaxt hamı səni gələcəyin ulduzu kimi qələmə verirdi. Müəyyən müddət bu yöndə özünü göstərə bildin. Əsl Vaqif Cavadov onda idi, yoxsa, biz əsl Vaqif Cavadovu bundan sonra görə biləcəyik?
- Hələ mən cavanam. Heç kimin sözlərini fikir vermək niyyətində deyiləm. Məni heç kim "sındıra” bilməz. Bəziləri düşünürdü ki, "Sumqayıt”da özümü göstərə bilməyəcəm, ruhdan düşəcəm. Amma hamı yanılır. "Sumqayıt”da da öz oyunumuzu göstərdik, millidə də öz sözümüzü deyirik və deyəcəyik. Sadəcə, hər şeyə zaman lazımdı. Hər şeyin öz yeri var və biz başımızı aşağı salıb futbolumuzu oynamalıyıq.
- Milli ilə bağlı nə deyə bilərsən? Kənarda qalmağına səbəb nədi?
- Bu, sırf olaraq məşqçinin qərarıdı. Mən öz işimi görürəm, futbolumu oynayıram. Məsləhət məşqçilərimizindi. Hər məşqçinin gördüyü futbolçu var. Əgər güclüsü varsa, onlar oynasın.
- Klublarımızın Avrokuboklardakı çıxışı barədə nə deyə bilərsən?
- Hər bir klubumuza uğurlar arzulayıram. Klublarımızın yaxşı nəticə qazanması bizim sevincimiz deməkdi. Bütün təmsilçilərimiz dövlətimizə görə, bayrağımızı uca tutmağa görə çalışır. Hər bir klubumuza uğurlar arzu edirəm. Əlbəttə, çətin olacağını da bilirik. İnanıram və ümid edirəm ki, mübarizə aparan hər bir təmsilçimiz mərhələ adlamağı bacaracaq. (sportal.az)