Bəlkə də məni istəyən komandalar var idi
AZAL-ın oyunçusu Ruslan Nəsirli açıqlama verib.
Olimpsport.az xəbər verir ki Gənc olmasına baxmayaraq, ötən mövsüm komandasının aparıcı üzvlərindən birinə çevrilən Nəsirli hazırlıq haqda danışıb:
"Məşqlər plana uyğun olaraq davam edir. İndi əsasən fiziki hazırlıqlar gedir. Komandada yeni oyunçular var və ola bilsin ki, yenə də gələcək yeni oyunçular. Təbii ki, toplanışın ölkə xaricində olmasını istəyərdik.
Yoxlama görüşləri üçün rəqiblər də çox olur. Ötən mövsüm də Bakıda hazırlaşdıq və çempionatda da normal çıxış etdik. Bizim təcrübəli məşqçilərimiz var, onlar bizi düzgün istiqamətdə hazırlaşdırır".
Nəsirli ona təkliflərin olub-olmamasından da danışıb: "Bəlkə də məni istəyən komandalar var idi. Ancaq bu haqda düşünmək də istəmirəm. Çünki heç mənimlə konkret olaraq maraqlanan komandalar da yox idi. Bəlkə məşqçilər korpusu ilə mənim haqda danışıq olub, ancaq mənim xəbərim yoxdu. AZAL-da qalmağımın səbəbi, komanda ilə müqaviləmin olması idi".
"Qarşıdakı mövsüm də, ötənilki kimi çətin keçəcək. Komandadan ayrılanlara uğurlara arzu edirəm. Gedən oyunçularla başa çatan mövsümdə çox oyunlar udduq, hamısı təcrübəli, yaxşı futbolçular idi. Amma bu futboldu, kimlərsə gedir, kimlərsə gəlir. İnşallah qarşıdakı mövsümdə də öz futbolumuzu oynayacağıq. Daha yaxşı çıxış etməyə çalışacağıq" - deyə, Ruslan Nəsirli fikirlərini yekunlaşdırıb.(sportinfo.az)