"Qarabağ"ın yüz faiz mərhələ keçəcəyinə də heç kim zəmanət verə bilməz
Olimpsport.az "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin müsahibəsini təqdim edir.
- Avstriya toplanışı necə keçdi?
- Bütövlükdə, pis olmadı. Heç kim ciddi zədə almadı. Bakıya qayıtmışıq, artıq burada hazırlaşırıq. Hazırlıq üçün daha bir neçə gün vaxtımız var. Bu vaxtdan maksimum yararlanmağa çalışacağıq. Özümə gəlincə, hələ istədiyim formanı yığa bilməmişəm. Son oyunu da yüngül zədə səbəbindən buraxmalı oldum.
- "Zenit"ə qalib gəlsəniz də, digər iki oyunda məğlubiyyətlə üzləşdiniz...
- Yoxlama oyunlarının nəticəsinə böyük önəm verməyə dəyməz. İnsbruk "Vakker"i ilə oyundan öncə cəmi beş gün məşq etmişdik. "Zenit"lə oyunda isə artıq özümüzə gəlmişdik. Pis oynamadıq.
- Bəs Albaniya çempionuna məğlub olmağınızın səbəbi nə idi?
- "Şkenderbeu" "Düdelanj" stilində futbol sərgiləyir. Bir daha qeyd edirəm ki, bizim üçün nəticə önəmli deyildi. Əsas yaxşı hazırlaşmaq idi.
- Lüksemburq "Düdelanj"ını nə dərəcədə yaxşı öyrənə bilmisiniz?
- Məşqçilər korpusu bizə hələ ətraflı məlumat verməyib. Bunun da vaxtı gələcək. Bizim üçün xoşagəlməz rəqib sayıla bilər. Belə rəqibə qarşı oynamaq, qol vurmaq çox çətindir. Asan olmayacaq.
- Axı bu, "Qarabağ"ın mərhələ şansını azaltmamalıdır...
- Şübhəsiz ki, qələbə qazanmağa çalışacağıq. Amma hər şeyə hazır olmaq lazımdır. Futbolda heç kim məğlubiyyətdən sığortalanmayıb. Hətta ən zəif komandalar da futbol oynamağı, qələbə qazanmağı bacarırlar. Bunu elə Fransadakı Avropa çempionatından da görmək mümkündür.
- Yəqin ki, siz "Düdelanj"ın İslandiya kimi sürprizlərə imza atacağını iddia etmək istəmirsiniz...
- Ümid edirəm ki, biz elə sürprizlə qarşılaşmarıq. Amma "Qarabağ"ın yüz faiz mərhələ keçəcəyinə də heç kim zəmanət verə bilməz. Bizim üçün çətin imtahan olacaq. Hətta cütün favoriti hesab olunsaq da.
- Azarkeşlər "Qarabağ"ın transferlər edəcəyini, ən azı hücumçu alacağını gözləyirdi...
- Bu barədə mənim deyəcəyim heç nə yoxdur. Yəqin ki, Qurban Qurbanov onun tələblərinə cavab verən futbolçu tapa bilməyib. (Azerisport)