Elnur Eyvazov: “Bu, tam başqa - əsl “Neftçi”di!”
“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov klub saytına açıqlama verib. O, bunları söyləyib:
"Kəpəz”lə oyun bizim üçün çox ağır keçdi. Yerli azarkeşlərin dəstəyindən ruhlanan meydan sahibləri komandamıza çox ciddi müqavimət göstərdi. Bununla belə, "Neftçi”nin turnir hədəfləri baxımından çox vacib sayılan qələbə qazana bildik. Komandamız təxminən ayyarımlıq fasilədən sonra doğma arenaya qayıdacaq. Bildiyiniz kimi, son 4 oyunumuzu səfərdə keçirdik. Buna baxmayaraq, ardıcıl 3 oyunda qələbə qazanmışıq. İnşallah, "Sumqayıt”la oyunda qələbələrin davamının gəlməsini istəyirik. Bunun üçün azarkeşlərin dəstəyinə ehtiyacımız var. Ölkənin ən köklü klubunun azarkeşləri nəticələrdən asılı olmayaraq, hər zaman sevimli komandasının yanında olub. "Sumqayıt”la qarşılaşmada isə daha böyük dəstəyə ehtiyacımız var. Oktyabrın 29-u bazar gününə təsadüf etdiyindən azarkeşlərimizin oyuna gəlməsi yolunda heç bir ciddi problem yaşanmamalıdı. Düşünürəm ki, bütün ölkə möhtəşəm "Neftçi” azarkeşini görəcək. Bunun üçün əlimizdən gələni etməyə hazırıq. Futbolçularımız böyük azarkeş dəstəyi hiss edəndə istənilən rəqibi udmağa qadirdir. "Sumqayıt” son turda cari mövsümdə məğlub olmayan "Zirə”yə qalib gəldi. Ən azı bu məqam nə qədər çətin rəqiblə qarşılaşacağımızdan xəbər verir. Amma biz komandamıza və azarkeşlərimizə inanırıq. Artıq məzmunlu və baxımlı oyunumuz var. Son qələbələr futbolçuların psixoloji durumuna da müsbət təsir edir. Möhtəşəm azarkeşlərimizlə bütövləşib "Sumqayıt”la oyunda da qələbə seriyasına davam etmək istəyirik. Doğma divarlar arasında azarkeşlərlə bütövləşən "Neftçi” tam başqa - əsl "Neftçi”di! Sonda bir daha dəyərli azarkeşlərimizə səslənirik: stadiona gəlin, "Neftçi”nin əsl gücünü, qüdrətini birlikdə göstərək!”