Rəqabət aparmağa hazıram və aparıram da

“Qəbələ” klubunun müdafiəçisi Məhəmməd Mirzəbəyovun müsahibəsi

 

- Ötən mövsüm mütəmadi olaraq, əsas heyətdə yer alırdız. Amma Avropa Liqasının I təsnifat mərhələsinin “Samtredia” ilə keçirilən ilk oyununda ehtiyatda qaldız. Bunun səbəbini nədə görürsüz?

- Səbəbi özümdədi. Ürfan Abbasov bu gün məndən güclüdü, ona görə də əsas heyətdə yer aldı. Məsələyə obyektiv yanaşmaq lazımdı. Baş məşqçi özü yaxşı bilir ki, kimi oynatmaq lazımdı. Əgər bu gün Ürfan daha çox faydalıdısa, təbii ki, əsas heyətdə o oynamalıdı. Əgər mən güclü olsaydım, baş məşqçi mənə şans verərdi.

 

- Rəqabət aparmaq gücündə deyilsiz ki?

- Təbii ki, rəqabət aparmağa hazıram və aparıram da.

 

- İlk görüşdə “Samtredia” ilə qeydə alınan hesabı, yəqin ki, siz də gözləmirdiz...

- Nəinki mən, heç kim gözləmirdi. Amma arxayınlaşmaq olmaz. Düzdü, 5:1 əla hesabdı, amma hələ cütün taleyi həll olunmayıb. Futbolda geridönüşlər çox olub. Çempionlar Liqasının illər öncəki finalını xatırladım. “Milan” fasiləyə 3:0 hesabı ilə öndə yollansa da, ikinci hissədə qapısından 3 top buraxmışdı. Odu ki, “boşalmaq” olmaz. Matça ciddi yanaşmalıyıq.

 

- Səfər matçında da “Samtredia”nı məğlub edə biləcəksizmi?

- Buna ümid edirik. Qələbə qazansaq, yaxşı olar. Amma əsas növbəti mərhələyə adlamaqdı.

 

- Ötən mövsüm də Avroliqanın ilk təsnifat mərhələsində Gürcüstan komandası ilə qarşılaşmışdız. Məlum məsələdi ki, “Dinamo” “Samtredia”dan güclüdü. Bəs bu komandalar arasında oyun planında nə kimi fərqlər var?

- “Dinamo”da həmin vaxt yaxşı oyunçular toplaşmışdı, heyətləri güclü idi. “Samtredia”da da Gürcüstanın bir neçə yaxşı futbolçusu çıxış edir. Baxımlı futbol oynayırlar. Məncə, bu komandanın gələcəyi var. Bir neçə ildən sonra öz çempionatlarında qızıl medallar uğrunda da mübarizə apara bilərlər. Çünki bunun üçün hər cür imkanlara malikdilər. 

 

- Heyətdə dəyişikliklər olub. Bu, “Qəbələ”yə məqsədə çatmaq uğrunda mübarizədə mane ola bilərmi?

- Niyə mane olur ki? Yaxşı oyunçular transfer edildi. Savadlı kollektivimiz var. Əsas odu ki, eyni məşqçinin rəhbərliyi altında oynayırıq.

 

- Dostunuz Arif Daşdəmirov yay fasiləsində “Qəbələ”ni “Qarabağ”a dəyişdi. Ondan ötrü darıxırsızmı?

- Əlbəttə. Hər bir futbolçuya komandada ən yaxın olan insan olur. Vaxtımın çoxunu Ariflə birgə keçirirdim. Onunla həm “İnter”də, həm də “Qəbələ”də bir yerdə oynamışıq.

 

- Arif sizi “Qarabağ”a çağırmır ki?

- Xeyr. O kimdi ki, məni “Qarabağ”a çağırsın? (gülür). Amma Arifdən ötrü darıxacam. (apasport.az)