Həmin zərbə zamanı mən qol olacağını gözləyirdim

"Kəpəz"in hücumçusu Julian Ebah Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirdikləri səfər oyunu barədə müsahibə verib.

Olimpsport.az həmin müsahibəni təqdim edir.

 

- Matçla bağlı təəssüratlarınız...
- Qələbəyə görə hamımız sevincliyik. Komanda özünə inanırdı. Baş məşqçinin bizdən tələb etdiyini tam olaraq yerinə yetirdik və bizə lazım olan nəticəni qazandıq.

 

- Baş məşqçi sizdən nə tələb etmişdi ki?
- Bizdən müdafiədə maksimum diqqətli oynamaq və əks-hücumlarda rəqibə qol vurmaq tələb olunurdu. Bunun da öhdəsindən gəldik.

 

- Sizə elə gəlmir ki, səfər oyunu Bakıdakı ilə müqayisədə daha asan keçdi?
- Bəli, Bakıdakı oyun çox çətin keçdi. Çünki yeni mövsümdəki ilk rəsmi oyunumuz idi. Komanda yenicə yığışmışdı, heyətdə yeni futbolçular vardı. "Daçiya" ilə matça qədər güclü rəqiblərlə qarşılaşmamışdıq. Buna baxmayaraq, çox yaxşı oynadıq. Xeyli qol vəziyyətimiz olsa da, hamısından yararlanmaq mümkün olmadı. Amma bütövlükdə lazım olan nəticəni qazana bildik.

 

- Dario Federikonun vurduğu qol "Kəpəz" üçün tarixi əhəmiyyət daşıyır. Siz həmin qolla bağlı nə deyə bilərsiniz?
- Dario çox gözəl qol vurdu. Həmin zərbə zamanı mən qol olacağını gözləyirdim. Bu qol Darionun özü üçün də çox vacibdir. Çünki o, uzun müddət idi oynamırdı, yenicə bərpa olunub, meydana dönüb. Fikrimcə, Darionun qolu onun özünə inamını qaytarmasına kömək edəcək.

 

- Komanda mümkün penalti seriyasına hazır idi?
- Əlbəttə, lazım gəlsəydi, 120 dəqiqə də mübarizə aparmağa hazır idik. Penaltiləri də məşq etmişdik. Bizdə penalti zərbələrini yaxşı yerinə yetirən futbolçular var. Tadas Simaitis də penaltilərdə güclüdür. Ötən mövsüm neçə penaltini qaytarıb.

 

- Serjinyon meydandan çıxandan sonra pleymeyker mövqeyinə çəkildiniz...
- Mən baş məşqçinin tapşırdığı istənilən mövqedə oynamağa hazıram. Son dəqiqələri cinahda keçirdim.

 

- Növbəti mərhələdə "Kəpəz" Avstriya "Admira"sı ilə qarşılaşacaq. Şanslarınızı necə qiymətləndirə bilərsən?
- Mərhələni keçmişiksə, bu komandaya qarşı da layiqli mübarizə aparmalıyıq. Əlbəttə, çətin olacaq. Amma şansların bərabər olduğunu düşünürəm. (sportinfo.az)