Səfərdən sərfəli nəticə ilə dönmək istəyirik
“Düdelanj”ın yeni transferi Momar N’Diaye “wort.lu”saytının müxbiri Tibo Qoetsin suallarını cavablandırıb:
Olimpsport.az həmin müsahibəni təqdim edir:
- Momar, “Düdelanj”a keçidin necə alındı?
- “Düdelanj”a keçdiyim üçün xoşbəxtəm. Bir neçə variantım var idi. Lakin mən daha çox oynamaq istəyirəm. Ona görə də “Düdelanj”ı seçdim.
- Komandada rəqbət böyükdür. Bu, sizi qorxutmur?
- Komandada güclü rəqabətin olmasından xəbərdaram və bu məni daha da güclü edəcək. Rəqabət tək mənə deyil, bütün komandaya müsbət təsir göstərəcək. Təbii ki, son qərarı baş məşqçimiz verəcək. Mən öz sözümü deməyə hazıram.
- Baş məşqçi demişkən, Dino Topmöllerin oyun stili haqda nə söyləyə bilərsiz?
- O komandanın daha çox topla oynamağını istəyir. Topmöller gənc mütəxəssisdir və komandanın “sükanı arxasına” təzə gəlib. Topmöller bizdən daha yaxşı oynamağı tələb edir. Ona güvənmək lazımdır.
- 28 yaşınız var, amma hələ Çempionlar Liqası həyəcanı yaşamamısınız...
- Düzgün vurğuladınız. İnanırsız, mənə də çox maraqlıdır. Çempionlar Liqasının himnini eşitmək istəyirəm. Turnirdə yaxşı iştirak etmək istəyirik.
- “Düdelanj”ın rəqibi Azərbaycan çempionu “Qarabağ”dır. “Qarabağ” haqda nə məlumatın var?
- “Qarabağ” güclü komandadır. Onlar ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. Bu onların səviyyəsindən xəbər verir. Onlara qarşı ciddi hazırlaşmışıq. Səfərdən sərfəli nəticə ilə dönmək istəyirik. Deyərdim ki, bizim də şansımız var.
- Azərbaycana getmək futboldan əsər-əlaməti olmayan bir ölkəyə getməkdir...
- Azərbaycan haqda danışanda beynimdə suallar yaranır. Amma onların klubları Avropada uğurlu çıxış edir. Bildiyim qədər Azərbaycanda təcrübəli futbolçular çıxış edir.