Növbəti mərhələyə vəsiqə üçün hansı hesab qeydə alınsa, razı qalacam

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq "Düdelanj"ın baş məşqçisi Dino Topmöller oyunla bağlı fikirlərini bildirib.

Olimpsport.az saytının məlumatına görə, alman mütəxəssis bunları deyib:

 

“Qonaqpərvərliyə görə təşəkkür edirəm. Rəqib favoritdi. Ancaq bu, futboldu”.

 

- Klaus Topmöllerin oğlusuz. Atanız Gürcüstan millisində baş məşqçi olub. Gürcüstan da Azərbaycan kimi Qafqaz ölkəsidi. Atanız sizə "Qarabağ"la oyunla bağlı məsləhət verib?

- Atamla bir dəfə danışmışam. Azərbaycanla oyunda Gürcüstan millisinin baş məşqçisi olub. Mənə sadəcə olaraq, "Qarabağ"ın güclü komanda olduğunu dedi.

 

- Qurban Qurbanov rəqib barədə kifayət qədər məlumatlıdı. Bəs siz "Qarabağ"la bağlı hansı məlumatları öyrənmisiz?

- "Qarabağ"ın iki oyununu izləmişəm. Rəqib yerlə oyuna üstünlük verir. Texnikalı və futbol oynamağı bacaran komandadı.

 

- "Qarabağ"ın hansı oyununu izləmisiz?

- Avstriyadakı yoxlama oyunlarını izləmişəm. Azərbaycan millisində Berti Foqtsun çalışdığını bilirdim. Rüfət Dadaşovun da sizin millidə oynadığını bilirdim. Bu komandayla oyunlardan da öncə məlumatım var idi.

 

- Sabahkı oyunda nəyə ümid edirsiz?
- Biz Lüksemburqu təmsil edirik. Lüksemburq çempionuyuq. Bu ada layiq oyun sərgiləyəcəyik. Baxmayaraq ki, "Qarabağ" favoritdi, biz də əlimizdən gələni edəcəyik. Sabah hər iki komandanın heyətində 11 futbolçu olacaq. Nəticə qazanmaq üçün döyüşəcəyik. Son Avropa çempionatında bunun şahidi olduq. İslandiya İngiltərə kimi komandanı mübarizədən kənarlaşdırdı.

 

- Sabahkı oyunda hansı nəticə sizi qane edəcək? Kiçik hesablı məğlubiyyət, yoxsa, heç-heçə?

- Növbəti mərhələyə vəsiqə üçün hansı hesab qeydə alınsa, razı qalacam.

 

- "Qarabağ"ın ən çox hansı futbolçusundan ehtiyat edirsiz?

- Rəqibin yaxşı oyunçulaı var. Ən çox Rəşad Sadıqov, Riçard Almeyda, Miçel və Dani Kintananı da fərqləndirərdim. Həmçinin Reynaldonu da fərqləndirmək olar.

 

- Bir neçə yeni transfer etmisiz. Bunlar Çempionlar Liqası, yoxsa yerli çempionat üçündü?

- Bizim əsas hədəfimiz yerli çempionatda qalib gəlməkdi.

 

- Bu günə kimi 25-30 min azarkeşin olduğu stadionda komanda çıxarmısız?

- Mən futbolçu kimi 50-60 min azarkeşin önündə oynamışam. Bu, mənim üçün təəccüblü olmayacaq.