MOK-un vitse-prezidenti Xəzər İsayev Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edilib

Brüsseldə “Dünya Ədalətli Oyunlar Mükafatları-2016”nın, İstanbulda isə “Türkiyə Ədalətli Oyunlar Mükafatları-2016”nın təqdimetmə mərasimləri keçirilib.

Hər iki tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev təmsil edib.

Xəzər İsayev Türkiyə Ədalətli Oyunlar Komissiyasının İcraiyyə Komitəsi tərəfindən Türkiyə ilə Azərbaycan arasında ədalətli oyunlar sahəsində əməkdaşlığın inkişafı və gücləndirilməsindəki xidmətlərinə görə “Fair Play Dostluq Nişanı” ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 1997-ci ildə yaradılıb. 2000-ci ildən etibarən bu təşkilata Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev rəhbərlik edir. Komissiya Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının fəal üzvlərindəndir.