"Qarabağ"ın növbəti sınağı

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinə start veriləcək.

Olimpsport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da bu mövsüm Avrokuboklarda ilk oyununu keçirəcək.

 

Turnirə ikinci mərhələdən başlayan təmsilçimiz ardıcıl 3-cü dəfə qitənin ən nüfuzlu klub yarışında çıxış edəcək. Rəqib isə Lüksemburqun “Düdelanj” klubudur.

 

Ba vaxta qədər iki ölkə təmsilçiləri arasında hər hansı bir qarşılaşma olmayıb. Bu baxımdan Qurban Qurbanovun yetirmələri ilkə imza atmış olacaqlar.

 

Son iki mövsümdə ilk səddi uğurla adlamağı bacaran “köhlən atlar” “Düdelanj”ı keçə bilsə, pley-offda oynamaq şansı qazanacaq. Belə ki, növbəti mərhələdəki qalibiyyət çempionumuz üçün Çempionlar Liqasında, məğlubiyyət isə Avropa Liqasında çıxış etmək şansı olacaq.

 

Ötən iki mövsümdə məhz sonuncu turnirin qrupuna düşən çempionumuz ən azı həmin qrafiki təkrarlamaq üçün lüksemburqluları mübarizədən kənarlaşdırmalıdı.

 

Amma əyalət klubu əvvəlki illərdə olduğu kimi yenə Avropa Liqası deyil, Çempionlar Liqasının qrupunda düşmək arzusundadı. Bunu gerçəkləşdirmək yolunda ilk addım da Bakıda atılmalıdı. Həm də “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionundakı matçda gələn həftə səfərdə keçiriləcək oyunöncəsi sərfəli nəticə əldə etməlidi.

 

Qazanılacaq potensial qələbə ağdamlılar üçün həm də tarixi göstərici olacaq. Belə ki, Azərbaycan çempionu indiyədək avrokuboklarda 24 qələbə qazanıb. “Düdelanj” üzərində uğur isə sayca 25-ci olacaq. Bu göstəricidə mütləq Azərbaycan rekordçusu olan “Qarabağ” qalib gəlməyi bacarsa, qələbə və məğlubiyyətlərin tarazlığına da sevinəcək. Çünki təmsilçimizin hesabında 25 məğlubiyyət var.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

12 iyul

 

21:00. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)

 

Baş hakim: Orel Qrinfild

Baş hakimin köməkçiləri: Danni Krasikov, İdan Yarkoni Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)

Hakim-inspektor: Zdravko Yokiç (Serbiya)

UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu