Şahin Diniyev - 50
Bu gün “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar gündür.
Olimpsport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin 50 yaşı tamam olur.
Şahin Xudakərim oğlu Diniyev 1966-cı ilin 12 iyulunda Beyləqan rayonunda anadan olub. Futbolçu karyerasına 1984-cü ildə “Avtomobilist”də (Mingəçevir) başlayıb. Daha sonra “Gənclik” (Bakı), “Neftçi”, “Kəpəz” (Kirovabad/Gəncə), “Nistru” (Kişinyov), “Fakel-Voronej”, “Dinamo” (Gəncə), “Terek” (Qroznı), “Hapoel” (Taybe), “Beytar” (Tel-Əviv), “Fərid” (Bakı) və “Dinamo”da (Bakı) forma geyib.
1992-1996-cı illər aralığında Azərbaycan yığmasında 16 görüşdə meydana çıxıb.
Məşqçilik karyerasına 2001-ci ildə “Terek”də başlayıb. Daha sonra “Qarabağ” (2003-2004), “Kəpəz” (2004-2005), Azərbaycan millisi (2005-2007), “Terek” (məşqçi, 2009-2013) və “Rəvan”da (2013-2014) fəaliyyət göstərib. Ötən mövsümdən “Kəpəz”in baş məşqçisidir. Ötən həftə Gəncə klubu tarixində ilk dəfə məhz Diniyevin rəhbərliyi altında avrokuboklarda mərhələ adlayıb.
Futbolxeber.az saytı bu xoş gündə Şahin bəyi ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edir.
Ad gününüz mübarək, Şahin bəy!