Tofiq Bəhramov adına Respublika stadionunda deputatlarla jurnalistlər arasında futbol yarışı keçiriləcək

Tofiq Bəhramov adına Respublika stadionunda dekabrın 22-də Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək.

Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Deputat bildirib ki, tanınmış idmançıları, fəal gənclər təşkilatlarının üzvlərini də oyuna dəvət ediblər: “Bu gün ölkəmizdə idmanın o sahəsi yoxdur ki, uğurlu nəticələri olmasın. Artıq bunu bütün dünya qəbul edir. Bütün bunlar, təbii ki, Cənab Prezidentİlham Əliyevin idmana olan böyük qayğısının nəticəsidir. Prezidentimizə ölkəmizin idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk”.

Komitə sədri qeyd edib ki, bu oyun ölkə başçısının ad günü ərəfəsində keçiriləcək:

“Cənab Prezident bu günə qədər bütün ad günlərini çox sadə, cəbhə bölgəsində, sadə insanlarla bir yerdə keçirib. Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunun bariz nümunəsidir. Biz də belə bir futbol oyunu ilə Prezidentimizin ad gününü təbrik edəcəyik”.

Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə Milli Məclisin futbol komandası yaradılıb.

Ötən il komanda Türkiyədə parlamentlərarası futbol oyununda ikinci yeri qazanıb.(report)