Mənim imkanım olsa, hamıya şans verərdim
Ölkəmizi çempionlar liqasında təmsil edən "Qarabağ" dünən Tofiq Bəhramov stadionunda ilk oyununa çıxdı.
Olimpsport.az xəbər verir ki, 2-0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatan görüşdən sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
İkinci hissədə bir qədər tempi aşağı saldınız. Bu, sizin tapşırığınız idi?
- Yox, futbolçulara belə tapşırıq verilməmişdi. Komanda optimal formasından hələ uzaqdı. Tam forma yığmaq üçün bir neçə oyun keçirməyimiz lazımdı. Rəqibin intizamından əl çəkməməsi bizi oyunun tempini aşağı salmağa məcbur etdi. Hücumlarımızı istədiyimiz kimi qura bilmirdik. Amma yenə də tələsmədən qolumuzu axtarırdıq. Bu elə bir turnirdi ki, iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Odu ki, səbrli olmaq lazımdı.
- “Qarabağ”ın 3 futbolçusu bu gün sarı vərəqə aldı. Bu rəqəm çox deyilmi?
- Düz qeyd etdiniz. Yadıma gəlmir ki, son vaxtlar bu qədər sarı vərəqə nə vaxt almışıq? Ancaq buna rəqibin oyunu məcbur etdi. Rəqibin əks-hücumunun qarşısını kəsmək istəyərkən sarı vərəqələr aldıq.
- Əlhərbi Jadeyui və Arif Daşdəmirova bu gün şans verməməyinizin səbəbi nə idi?
- Mənim imkanım olsa, hamıya şans verərdim. Bütün oyunçular, həmçinin Ariflə Əlhərbi oynamağa layiq idilər. Bu turnir elədi ki, burda tez-tez oyunçu dəyişikləri olur. Gələn matçda ola bilsin, digər futbolçulara da şans verdim.
- Cavab oyununda bu rəqibin “Qarabağ”a 3 qol vurması realdımı?
- Futbol bu gün elə bir səviyyəyə gəlib çatıb ki, hər bir nəticəni gözləmək lazımdı. Futbolçulara həmişə “Gefle” – “Olimpiakos” matçını misal gətirirəm. Rəqibin oyun üslubu elədi ki, bizə 2 qol vura bilərlər. Əlbəttə ki, biz meydana arxayın çıxsaq. İnşallah, bu olmaz. Biz uşaqları səfər görüşündə də qalib gəlmək üçün motivasiya edəcəyik. Futbol elə bir oyundu ki, sürpriz nəticələrlə doludu. İnşallah, bu bizdən uzaq olar. Çox ehtiyatlı olmalıyıq.
- Üçüncü mərhələdəki potensial rəqiblərinizə nəzər yetirmisiz?
- Xeyr, nəzər yetirməmişəm. Üçüncü mərhələdə oynamaq üçün əvvəlcə bu mərhələni keçməliyik. Mən diqqətimi “Düdelanj”la keçiriləcək cavab matçına yönəltmişəm.