Çalışdıq, onları topsuz qoyaq.

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə Lüksemburq çempionu “Dudelanj” üzərində 2:0 hesablı qələbə qazanan “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibə verib.

Olimpsport.az həmin müsahibəni təqdim edir.

 

- Görüş gözlədiyiniz ssenaridə keçdi?

- Ağır oldu. Komandamız hələ tam formada deyil. Bəzi epizodlarda əziyyət çəkdik. Ümumi götürdükdə, nəticə pis alınmadı. Gələn həftə “Düdelanj”la yenidən qarşılaşacağıq. Artıq rəqibi yaxından tanıdıq, ciddi hazırlaşmalıyıq. Necə oynadıqlarını bilirik. Səfərdə də bu cür çıxış etsək, mərhələni adlayacağıq.

 

- Rəqibi iş başında gördünüz. Sizin üçün mənfi və müsbət məqamları hansılardı?

- Mənfi tərəfləri haqda danışmağım düzgün çıxmaz. Amma diqqətçəkən məqam sürətli əks-hücumlar qurmaları, bir toxunuşlu ötürmələrdən istifadə etmələridi. Ona görə çalışırdıq ki, həmin sürətli oyunçuları meydanın mərkəzində dayandıraq, ehtiyac olarsa yıxaq. Çünki oynamağı bacaran komandadı. Buna görə də çoxlu vərəqə aldıq. Özüm də sarı vərəqə ilə cəzalandırıldım. Əks-hücumu dayandırmaq üçün rəqibi dayandırmağa məcbur idim.

 

- İki fərqli hissə izlədik. Fasiləyə qədər üstün tərəf olan “Qarabağ” ikinci hissədə oyunun tempini salmağa çalışırdı...

- Rəqib oyuna necə başlamışdısa, 90 dəqiqəni o cür davam etdirdi. Çox ciddi nizam-intizama malikdirlər. Bizdə isə futbolçular yorulmağa başladı. Tam gücümüzlə oynaya bilmədik.

 

- Ehtiyatdan oyuna daxil olan futbolçular dönüş yarada bilmədilər?

- Sanki hər şeyə yenidən başladıq. Bu səbəbdən qapımızın toxunulmazlığına çalışdıq. Yəqin buna görə hissələr arasında fərq yarandı. Gücümüz oyunun əvvəlində daha çox idi.

 

- Belə çıxır ki, rəqib fiziki planda sizdən üstün idi?

- Elə deməzdim. Çalışdıq, onları topsuz qoyaq. Onları çox qaçmağa məcbur edirdik. Oyunun statistik göstəricilərinə baxsaq, rəqibin futbolçularının bizdən çox qaçdıqlarını görərik.

 

- Çatışmazlıqlardan danışdınız. Konkret nələri qeyd edə bilərsiniz?

- Daha sürətli oynaya bilərdik. “Qarabağ” lazım olan məqamda oyunun tempini qaldıran komandadı. Amma bu dəfə bacarmadıq. Ya top əyri gedirdi, ya futbolçular bir-birini başa düşmürdü. Bunun üzərində işləməliyik.