"Əgər mərhələ keçdiyimizi düşünürüksə, yanılırıq" : Rəşad Sadıqov
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” klubuna qalib gəldikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlk öncə qələbə münasibətiylə təbrik edirik. Oyunla bağlı fikirlərinizi bilmək istəyərdik...
- Təbriklərə görə çox sağ olun. Gözlədiyimiz kimi, gərgin oyun alındı. İlk dəqiqələrdən yaxşı üstünlüyümüz var idi, iki qol vurmağı da bacarmışdıq. Amma oyun getdikcə gərginləşdi. Həm rəqib daha çox pressinq tətbiq etməyə başladı, həm də biz istədiyimiz hücumları qura bilmədik. Hücumların alınmamasına bir neçə səbəb əsas gətirmək olar. 2-0 hesablı nəticəni uğurlu hesab etmək olar.
- İlk hissədə komanda çox rahat hücumlar edirdi, ancaq ikinci hissədə müəyyən qədər geri çəklildiniz. Bu, baş məşqçinin qərarı idi, yoxsa komanda yorulmuşdu?
- Geri çəklimədik. Sadəcə rəqib ilk hissədə bizə daha çox oynamaq imkanı yaratdı, ikinci hisssədə isə buna imkan vermədi. Çıxışlar zamanı biz də bir neçə dəfə topu itirdikdən sonra özümüzə inamı itirdik və ehtiyatlı oynamağa çalışdıq. Belə deyək, ikinci hissə ilk hissədəki kimi alınmadı.
- Epizodların birində rəqib hücumçu sənə qarşı kobud oynadı. Həmin epizoddan sonra futbolçuya yaxınlaşdın. Maraqlıdı, ona nə deyirdin?
- Oyun zamanı belə epiozodların olması normal haldı. Yadıma gəlmir nə dediyim. Əsəbləşmişdim, çünki topsuz vəziyyətdə ayağımı bərk basmışdı.
- Çoxdandı səni belə əsəbi görmürdük...
- Ondan qabaq da bir neçə top itirmişdim, üstünə də bu gəlincə, gərginlik yaşandı. Oyuna tam hazır olmadığımızı bilirdik. Mövsümün əvvəlidi. Formaya düşmək üçün bir qədər vaxt lazımdı.
- Cavab oyununda "Düdelanj” sürpriz edə bilərmi?
- Hesab 3 və ya 4:0 olsa idi, hansısa sürprizdən danışmaya bilərdik, ancaq 2:0 elə də böyük fərq deyil. "Düdelanj” evdə fərqli futbol oynaya bilər. Fikrimcə, çox diqqətli olmalıyıq. Əgər mərhələ keçdiyimizi düşünürüksə, yanılırıq. Bizi qarşıda çox çətin 90 dəqiqə gözləyir, bəlkə də 120 dəqiqə.
- Azarkeş azlığı diqqətinizi çəkdimi?
- Gələnlərə minnətdarlığımı bildirirəm.