Qurban Qurbanov üçün əlamətdar qələbə

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Düdelanj”la qarşılaşması “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.  Lüksemburq klubunu 2:0 hesabı ilə məğlub edən futbolçuları 44 yaşlı mütəxəssisə yubiley sevinci bəxş edib.

 

Belə ki, Qurbanov baş məşqçi karyerasında 25-ci dəfə avrokubok qələbəsi görüb. İlk qələbəsini 2007-ci ildə “Neftçi”nin baş məşqçisi kimi UEFA kubokunda qazanan çalışdırıcı Avstriya “Rid”i ilə qarşılaşmada 2:1 hesabına şahid olmuşdu.

 

25-ci qələbəyə 9 ildən sonra çatan Qurbanovun qələbələrindən 1-i Bakı, 24-ü Ağdam təmsilçisinin baş məşqçisi postunda qeydə alınıb. Bu isə o deməkdi ki, növbəti qələbə də yubileylə əlamətdar olacaq. Çünki “Qarabağ” avrokuboklarda Qurbanovla 25-ci dəfə sevinəcək.

 

55-ci avrokubok görüşündə yubiley qələbəsi qeyd edən mütəxəssis 15 heç-heçə və 15 məğlubiyyət də yaşayıb.

 

Qeyd edək ki, Qurbanovun avrokuboklardakı 25-ci qələbəsi daha iki baxımdan yubiley olub. Məsələ ondadı ki, öncədən açıqladığımız kimi qələbə “Qarabağ”ın da avrokuboklarda 25-ci uğurudu. Həmçinin, Azərbaycan klubları Çempionlar Liqasında 15-ci dəfə azarkeşlərinə sevinc bəxş etdi. (apasport)