Həmin epizod bağışlanası deyildi
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “Qarabağ”a 0:2 hesabı ilə uduzan “Dudelanj” (Lüksemburq) klubunun almaniyalı yarımmüdafiəçisi Mario Pokarın müsahibəsi
- Erkən qollar buraxdınız. Deyəsən, “Qarabağ”dan belə sürətlə start gözləmirdiniz...
- Çox üzücü oldu. Təəssüf ki, matçın əvvəlində penaltiyə səbəb olduq. Rəqib isə kifayət qədər təcrübəli olduğundan belə məqamı əldən verməzdi. Əlbəttə, səfərdə oynadığımızı, qarşımızda illərdi avrokuboklarda çıxış edən və Avropa Liqasının qrup mərhələsində oynamaq təcrübəsi olan bir komanda varsa, bundan sonra çətin olacaqdı.
- Penalti görüşün qırılma anı idi?
- Mən penaltidən daha çox buraxılan ikinci qola təəssüflənirəm. Həmin epizod zamanı böyük səhvə yol verdik. Düşünürdük ki, top qapı xəttindən çıxacaq. Amma Dani özünü yetirdi, topu meydanda saxladı, sonra da əziyyətinin qarşılığını gördü. Həmin epizod bağışlanası deyildi, heç rəqib bağışlamadı da.
- İkinci hissədə fərqli oyun nümayiş etdirdiniz...
- Fasilədən sonra biz daha yaxşı oynadıq. Qapıya zərbələr vurduq, kornerlər qazandıq. Yəni, rəqibə birinci hissədəki kimi oynamaq imkanı vermədik. Bunu ilk dəqiqlərdən etməli idik. Amma səhvlərdən qaça bilmədik.
- 0:2 hesablı məğlubiyyətdən sonra cavab matçında nəyisə dəyişəcəyinizə ümid edirsiniz?
- Çox çətin olacaq. Səfərdə 2 top buraxdıq və qol vura bilmədik. Sizin komanda üçün yaxşı nəticədi. Gərək evdə biz də bunun qarşılığını verək. Futboldu, heç kim, heç nədən sığortalanmayıb.
- “Qarabağ”a hansı komponentlərdə yenildiniz?
- İndi bunu izah etmək çətindi. Amma “Qarabağ”ın heyətində fərdi keyfiyyətlərinə görə seçilən futbolçular var. Yarımmüdafiə xəttində yer alan futbolçuları qeyd edərdim. Riçard Almeyda, Dani texniki baxımdan çox yaxşı oyunçulardı. Almeydanın penaltisini qapıçı qaytaracaqdı. Bunu bacarmaq üçün santimetrlər çatmadı.
- Püşkdən sonra rəqib haqda məlumat toplamışdınız. Oyundan əvvəl öyrəndiyiniz “Qarabağ”la matçdan sonrakı “Qarabağ” arasında nə kimi fərqlər var?
- Rəqibimiz texnikalı futbola üstünlük verən bir komandadı. Yerlə və qısa ötürmələrlə oynamağı çox sevirlər. “İkinci mərtəbə” ilə işləri elə də çox deyil. (apasport)