"Mançester Yunayted" azarkeşi olan İnqilab Məmmədov: "Heç bir jurnalistlə nə dostluğum var, nə də yoldaşlığım" - MÜSAHİBƏ

Son zamanlar idarəçiliyi ilə diqqət çəkən, Premyer Liqanın mərkəzi oyunlarına da təyinat alan İnqilab Məmmədov  müsahibə verib:
 
 
 
 
- Öncə çempionatın qış fasiləsinə qədər olan hissəsini dəyərləndirək. Necə keçdi?
 
- Hesab edirəm ki, ümumi hakimlik adına uğurlu keçdi. Elə də qalmaqallı, kobud səhvlərlə zəngin  oyunlar olmadı. Müəyyən səhvlər oldu və bunu da normal qəbul etmək lazımdır. Bu cür səhvlər hər zaman olub və olacaq. Amma ötən illə müqayisədə bu mövsümün ilk iki dövrəsi hakimlik baxımından daha uğurlu keçdi.
 
- Bəs özün üçün necə?
 
- Elə özüm üçün də uğurlu keçdiyini hesab edirəm. Oyunlarımda demək olar ki, aşağı qiymət olmadı, bütün oyunlarda yüksək qiymət aldım. Amma ötən illərdə müəyyən axsamalaq olmuşdu.
 
- Bu yüksəlişi nə ilə bağlamaq olar? Çempionatın səviyyəsi aşağı düşüb, yoxsa sən öz üzərində daha çox işləmisən?
 
- Təbii ki, təşkil olunan təlim-məşq toplanışlarında iştirak edirik, səviyyəmizi qaldırırıq, Xaqani Məmmədov, Əli Hüseynov da öz bildiklərini bizə aşılayırlar. Bundan başqa, futbol oyun qaydalarında olan dəyişikliklər də Xaqani müəllim tərəfindən tərcümə olunaraq bizə çatdırıldı. Buna görə də ona “çox sağ ol” deyirəm. Düzdür, mən ingilis dilini bilirəm, amma bu dildə axsayan hakimlərimiz də var. Amma həmin hakimlərin milli dərəcəli hakimlər olduğunu nəzərə alsaq, bunu da normal qarşılayıram. Fiziki hazırlıq üzrə məşqçimiz Namiq Quliyev də bizim üzərimizdə çox çalışır və onun da faydasını görürük. Bir sözlə, əməyimizin bəhrəsini görürük. Deməzim ki, çempionatın səviyyəsi düşüb. Səviyyə düşsə, “Qarabağ” Çempionlar Liqasının qrupunda oynamazdı. Bunun özü çempionatın göstəricisidir. Həm də çempionatda rəqabət də var. 1-2 komandanı çıxmaq şərti ilə qalanları bir-birini aşkar üstələmir.
 
- Bir hakim kimi, hansı komandanın oyununu idarə etmək sənin üçün daha çətindir? Məsələn, bilirik ki, Rəhim Həsənovun “Qəbələ” ilə problemi var. Klub da istəmir ki, Rəhim onların oyunlarına təyinat alsın, Rəhim özü də “Qəbələ”nin oyunlarını idarə etmək istəmir...
 
- Karyeram boyunca belə bir problemlə üzləşməmişəm. Hansısa komandanın azarkeşləri tərəfindən müəyyən təzyiqlərin olması normaldı. Amma hansısa komanda ilə heç vaxt problemim olmayıb. 
 
- Rəhim Həsənovdan söz düşmüşkən, bu yaxınlarda Azərbaycan radiosunda qonaq olanda ona belə bir sual ünvanlandı ki, bir vaxtlar Əliyar Ağayevlə gündəmdə idi, amma son zamanlar Əliyara uduzur, üstəlik, Ömər Paşayev, Rəvan Həmzəzadə və İnqilab Məmmədovun yaxşı formada olması fonunda Rəhim sanki gündəmdən düşüb. O da cavabında bildirib ki, mənim digər hakimlər kimi “raskrutkam” yoxdur, media ilə də yaxın deyiləm. Maraqlıdır, siz qabağa getmək üçün hansısa “raskrutka” aparırsınız?
 
- Bunlar Rəhimin öz fikirləridir və hörmətlə yanaşmaq lazımdır. Yəni ki, nəyəsə əsaslanıb bu fikri söyləyib.  Medianın bir nümayəndəsi də siz. Biz mediaya hər zaman açığıq. Amma bütün dünyada belədir ki, hakim öz oyunu, həmkarının oyunu haqda şərh verə bilməz. Amma məşqlərimiz, toplantılarımız, lap elə özümüz haqda da mətbuata açıqlama ilə bağlı komitə tərəfindən hansıssa qadağa yoxdur.
 
- Rəhimin sözlərindən belə başa düşmək olur ki, hansısa hakimlər media ilə işləyir. O mənada yox ki, pul verib yazı yazdırır. Sadəcə, yaxınlıq edir ki, ondan daha tez-tez yazsınlar, onu gündəmdə saxlasınlar...
 
- Vallah mənim mediada nə dostum var, nə də tanışım. Yenə deyirəm, Rəhimin şəxsi fikirləridi, hörmətlə yanaşmaq lazımdır.
 
- Antalya toplanışından nə gözləyirsən?
 
- Artıq toplanışa start vermişik və “Bayıl Arena”da fiziki yükləmələr almışıq. Hesab edirəm ki, Antalyada praktiki cəhətdən də hazırlıq keçib Premyer Liqa oyunlarına tam hazır olacağıq. 
 
- İnqilab Məmmədov nə zaman üçün özünü avrokuboklarda görür?
 
- Avrokuboklara təyinat almaq üçün ilk növbədə FİFA hakimi adını almalısan. Düşünürəm ki, məndən də başqa o ada layiq hakimlərimiz var. Sadəcə, biz futbol ölkəsi olmadığımız üçün UEFA cəmi 3 yer verib. İnşAllah hansısa hakimimiz daha yüksək kateqoriya alar və bizim üçün də əlavə yol açılar.
 
- Sonda bir şey də soruşum. Əynində “Mançester Yunayted”in geyim dəstini görürəm. Belə başa düşdüm ki...
 
- (gülür) Bəli, bu komandanın azarkeşiyəm. Düzdür, bir ara erməni futbolçuya görə azarkeşliyimə ara vermişdim, amma sonradan bərpa etdim. Çünki biz o komandaya erməni futbolçudan da çox-çox əvvəldən azarkeşlik edirik.(rekord.az)