Firdovsi Umudov: "Dəyişikliklər yığmalarımızda da olacaq" - MÜSAHİBƏ
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti və sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Firdovsi Umudov brifinq keçirib.
Həmin müsahibəni təqdim edirik:
- Güləşçilərin hazırlıq prosesi necə gedir?
- Məşqlərimiz davam edir. Hazırda yunan-Roma güləşçilərimiz İranda beynəlxalq turnirdədirlər. Həmçinin, hər üç növdə yığma komandalarımız Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək yarışa qatılacaqlar. Sərbəst güləşçilərimiz bu il ABŞ-da təşkil ediləcək Dünya Kubokunda iştirak edəcəklər. Ardınca isə Avropa çempionatı olacaq. İran və Kiyevdə keçiriləcək beynəlxalq turnirlərə əsasən yığmaların heyətlərini müəyyənləşdirəcəyik.
- Bu yaxınlarda AGF-in vitse-prezidenti təyin olundunuz. Tərəfinizdən hansısa dəyişikliklər və ya tədbirlər olacaqmı?
- Təyinatdan sonra məşqçi və idmançılarla görüşümüz oldu. Bu məsuliyyətli işi mənə həvalə etdikləri üçün AGF-in prezidenti Fazil Məmmədova təşəkkür edirəm. Göstərilən etimadı doğrultmağa çalışacağam. Federasiya prezidentimizlə görüşüm də oldu və o, müəyyən tapşırıqlar verdi. Öz planlarımdan danışdım. Hər bir sahədə ilk növbədə, nizam-intizam olmalıdır. İdmançılarımıza da fikrimi çatdırdım. Sərbəst güləş yığmasının baş məşqçisi kimi də faəliyyətimi davam etdirərəm. Üzərimdə böyük məsuliyyət var. Güləşçilərimizə diqqət və qayğı olmalıdır. Bunun nəticəsində nəticələrimiz də yaxşı olacaq.
- Yaxın gələcəkdə baş məşqçi postundan ayrılmağınız mümkündür?
- Hələlik belə fikrim yoxdur. Səhər tezdən federasiyada oluram. Bu bizim işimizdir. Həm federasiya rəsmisi, həm də baş məşqçi olan çox sayda insan var. Əsas odur ki, idmanın içində olasan. Bu posta başqa sahədən gəlməmişəm. Güləşdiyim müddətdən bəri müxtəlif vəzifələrdə çalışmışam. Bir-birimizi tanıyırıq. Uzun illər yeniyetmələrin baş məşqçisi, əsas yığmada məşqçi, böyük məşqçi və baş məşqçi olmuşam. Yəni, mənim üçün heç bir problem yoxdur. Nəticələrimizlə etimadı doğrultmağa çalışacağıq.
- Məşq prosesində yeni qaydalar üzərində işləyirsiniz?
- Artıq ötən il yeni qaydalar əsasında çıxış etmişik. Ona görə də problem yoxdur. Məqsədimiz güləşçilərimizin fiziki və texniki-taktiki hazırlığına fikir verib, uğur qazanmaqdır.
- Hacı Əliyev "Dehli Sultanları” klubunun heyətində Hindistan liqasında 3 görüşündən 2-ni uduzub. Onun zəif çıxışını nə ilə əlaqələndirərdiniz?
- Zəif deməzdim. Əliyev 61 kq-da çıxış edirdi. Amma rəqiblərinin çəkiləri artıqdır. Onlar 73 – 74 kq-da mübarizə aparırlar. Həmçinin Soslan Ramonov və İlyas Bekbulatovla görüşlər zamanı hakimlərin səhvlərə yol verdikləri epizodlar oldu. Hacı gələcəkdə bu güləşçilərlə düşəndə, onlar üçün asan olmayacaq. İndi də onlar rahat qalib gəlmədilər.
- Bəlkə onun yanında bizim məşqçilərdən kiminsə olmaması da öz təsirini göstərdi?
- Əliyev təcrübəli güləşçidir, üçqat dünya çempionudur. Bunun da rolu ola bilər. Hazırlıq proseslərini məşqçilər görür, kənardan səhvləri deyirlər. Özü də səhvlər buraxdı. Onunla əlaqə saxlayırdıq. Bu səhvlərin üzərində işləyəcəyik ki, gələcəkdə olmasın. Onun uğurlarının davamını görəcəyik.
- Təyinatınızdan sonrakı açıqlamanızda Avropa çempionatının ardından baş məşqçi məsələsinə baxılacağını demişdiniz. Artıq baş məşqçi vəzifəsinə namizədləri beyninizdə müəyyənləşdirmisiniz?
- Hələ elə bir namizəd yoxdur. Məşq proseslərini özüm nəzarətdə saxlayır, özüm də iştirak edirəm. Yığmada yetərincə köməkçilərim də var. Hələ ki, işimi davam etdirirəm. Elə bir şey olsa, açıqlama verəcəyəm.
- Yeni baş katibin təyinatı hansı zərurətdən irəli gəldi? Bəlkə Rəşad Əli-Zadə zəif çalışırdı?
- Deməzdim ki, zəif idi. O, Azərbaycan Otüstü Hokkey Federasiyasında da çalışırdı. Orxan Məmmədov isə illərdir bu sahədədir. Güləşdiyi vaxt milli komandanın üzvü olub. Yeniyetmələr arasında ölkə çempionu adını qazanıb. Güləşçilərin psixologiyasına bələddir. 10 ilə yaxındır ki, idman şöbəsinin müdiri idi. Buna görə də baş katib vəzifəsinə namizədliyi irəli sürüldü və təyinatı rəsmiləşdi.
- Rəşad Əlizadə daha federasiyanızda çalışmayacaq?
- Xeyr.
- Son kadr dəyişiklikləri nədən irəli gəlir?
- Bu qaydada davam edəcəyik. Dəyişikliklər məşqçilər heyətində də olacaq. Artıq Rövşən Əhmədovla Emin Əhmədovu yunan-Roma güləşi üzrə yığmaya məşqçi kimi cəlb etmişik. Sərbəst güləşdə də gənc kadrlarımıza - Əşrəf Əliyevlə Yaşar Əliyevə üstünlük vermişik. Onlar daha enerjili və istəklidirlər. Öz bilik bacarıqlarını yığma komandada davam etdirəcəklər. Hədəfimiz dövlətimiz, millətimiz üçün çalışmaqdır. Ölkə rəhbərliyi səviyyəsində bütün idman növlərinə nəzarət olunur. Güləş isə xüsusi nəzarətdədir. Prezident İlham Əliyevin azarkeşliyi bizi daha da ruhlandırır, qələbəyə sövq edir. Biz də çalışıb, etimadı doğrultmalı, nəticələrimizlə hamını sevindirməliyik.