Yusuf Məmmədəliyev: "Bu, daha çox izlədiyim idman növüdür"

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Yusuf Məmmədəliyev "Report"un suallarını cavablandırıb. Müsahibənin idmanla bağlı hissəsini təqdim edirik... 
 
- Yəqin ki, təyinatınız zamanı gənc olmağınızla yanaşı, idman sahəsinə marağınız da nəzərə alınıb. Daha çox hansı idman növü ilə yaxından maraqlanırsınız? İl ərzində canlı izlədiyiniz hansı idman yarışları olub?
- Xüsusi seçdiyim idman növü olmasa da, vaxt tapan kimi çalışıram ki, səhər işdən əvvəl bir saatlıq idman zalına gedim. Bu, həm gün ərzində görüləcək işlər haqqında fikirlərimi cəmləşdirməyə, həm də ruh yüksəkliyi ilə iş gününə başlamağa çox kömək olur. Daha çox izlədiyim idman növü, yəqin ki, futboldur. Millimizin bütün oyunlarına baxır və azarkeşlik edirəm. Canlı izlədiklərim isə əlbəttə, həm ölkədaxili, həm də dünya miqyaslı idman yarışlarıdır.
 
- İdman sahəsində həllinə ehtiyac duyulan hansı məsələləri qeyd edə bilərsiniz?
- Əvvəlcə onu deyim ki, 2017-ci il idman sahəsində çox uğurlu bir il oldu. Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran Prisi kimi böyük idman tədbirləri baş tutdu. Yüzlərlə gəncimiz dünya arenalarında medallar qazandı. "Qarabağ” klubu tariximizdə ilk dəfə UEFA Çempionlar Liqasında qrup mərhələsində çıxış etdi, voleybolçu qızlarımız Bakıda keçirilən Avropa çempionatında dördüncü oldular. Azərbaycan artıq çoxdan idman ölkəsi kimi tanınır. Peşəkar idmanda böyük uğurlar qazansaq da, ölkəmizdə idmanın kütləviliyinin artırılmasına ehtiyac olduğunu düşünürəm. Dövlət başçısının birbaşa təşəbbüsü ilə hər bir rayonumuzda müasir idman kompleksləri inşa olunub. Bu komplekslərin imkanlarından istifadə etməklə, regionlarda yaşayan gənclər sırasında idmanın kütləviliyini artırmağa ehtiyac var.
 
- Gənclərin aktiv şəkildə idmana cəlb edilməsi üçün gələcəkdə hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?
Ölkəmizdə peşəkar idmanın inkişaf səviyyəsi yüksək həddə olsa da, idmanın kütləviliyinin artırılmasına ehtiyac var. Bu məqsədlə Bakıda, eləcə də digər şəhər və rayonlarda açıq idman meydançalarının sayının artırılması, onların müasir idman qurğuları ilə təmin edilməsi istiqamətində layihələr həyata keçiriləcək. Bunun sayəsində gənclər arasında sağlam həyat tərzi təbliğ ediləcək, onların pis vərdişlərdən uzaq olmaqla, idmana meyl etmələri təmin ediləcək.
 
- Valideynlər orta məktəblərdə dərs yükünün çoxluğunu, bu səbəbdən, övladlarının idmanla məşğuliyyət üçün yetərincə vaxtlarının olmadığını bildirirlər. Orta məktəblərdə idman dərslərinin çəkisinin kəmiyyət və keyfiyyətcə çoxaldılmasına zərurət hiss edirsiniz?
- Azərbaycanda orta təhsil müəssisələrinin şəbəkəsi çox genişdir. Burada müəyyən istiqamətlər üzrə təmayüllü məktəblər var, idman məktəbləri fəaliyyət göstərir. Buna görə də düşünürəm ki, idman hər bir məktəblinin həyatında vacib olsa da, o, heç bir halda təhsilin digər istiqamətlərinə mane olmamalıdır. Xüsusi olaraq, idmanla məşğul olmaq istəyən, bu istiqamətdə istedada malik uşaqlar, xüsusi məktəblərdən faydalana bilərlər.