Tərlan Əhmədov: "Nə narkomanam, nə də "alkaş"

"Ramin müəllim böyük qardaşımdır. Açığı, qardaş qardaşdan küsə də, inciyə də bilər. Həyatda hər şey mümkündür. Küsübsə də, inciyibsə də, deməli, səbəbi var, haqlıdır. Bunu Musayevə necə deyiblərsə, çatdırıblarsa, bilmirəm. Hər bir insanın fərdi həyat tərzi var. Nə narkomanam, nə "alkaş"am ki, hər gün içib hardasaş... Ümumiyyətlə, mənim aləmimdə içki, narkotika, qumar söhbəti yoxdur. Bu səbəbə görə bir çox dostumu həyatdan silmişəm. Mənim həyatımda bunlar yoxdur". 
 
Bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib. 47 yaşlı mütəxəssis özü ilə bağlı söz-söhbətlərə belə münasibət bildirib:
 
"Mənim şəxsi həyatım var. Bunu müzakirəyə çıxaranları, buna qarışanları başa düşə bilmədim. Niyə onlar şəxsi həyatımla bu qədər maraqlanıblar və Ramin müəllimə başqa cür çatdırıblar? Hər halda Ramin Musayev inciyibsə, haqqı var. Mən də bundan nəticə çıxaracağam. Başa düşdüyüm qədərilə insanlar cəmiyyət işə o qədər də önəm vermir, yalnız şəxsi həyatımızla maraqlanırlar. Mən heç vaxt heç kimin şəxsi həyatı ilə maraqlanmıram. Hətta görsəm belə, buna qarışmaram. Kimisə şəxsi həyatı ilə gündəmə gətirmək Allaha da xoş getməz. Gətiriblərsə də, çox sağ olsunlar, məni reklam edirlər. Amma mənim öz həyat tərzim var. Dost-tanışım da bilir ki, mən kiməm, işdən sonra hara gedə, nə edə bilərəm. Ramin müəllimə elə deyiblər. Vaxt gələr hər şey öz yoluna düşər. Onun incikliyini aradan qaldırmaq üçün addımlar atacağam. Sözü elə çatdırıblar ki, ortaya inciklik düşüb. Hər şey öz yoluna qoyulacaq. 
 
Bizim işimiz nəticəyə bağlıdır. Bu, elə bir söz-söhbət deyil ki, şişirdib gündəmə çıxarasan. Mən də kiminsə şəxsi həyatına girişsəm, çox şey çıxara bilərəm. Amma bu, mənim həyat tərzim deyil. Mənim necə yaşamağımın işə heç bir aidiyyatı yoxdur. Nə mənə kiminsə, nə də kiminsə mənə şəxsi həyatının aidiyyatı var. "Kəpəz" üzərində qələbə qazanıb-qazanmamağımızdan asılı olmayaraq, belə söz-söhbətlərin oyunların nəticələrinə heç bir aidiyyatı yoxdur".