MOK-da anti-dopinq görüşü
Milli Olimpiya Komitəsində (MOK) Avropa Şurasının Anti-Dopinq Konvensiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) heyəti arasında görüş keçirilib.
Görüşdə Avropa Şurasının Anti-Dopinq Konvesiyası mütəxəssislərindən Dünya Anti-Dopinq Agentliyinin direktor müavini Tom Mey və digər nümayəndələr Rafal Piekota, Satu Heikkinen, Florian Kavel, Lien Kozlovska, Olimpia Karavasili, Milli Olimpiya Komitəsindən vitse-prezident Çingiz Hüseynzadə, baş katib Ağacan Əbiyev, baş katibin müavini Azər Əliyev, həmçinin AMADA-nın baş direktoru Şəfəq Hüseynli iştirak edib.
Görüşün məqsədi hazırda Azərbaycandakı mövcud anti-dopinq qanunvericiliyi, siyasət və quruluş vəziyyətini təhlil etmək, lazımi yönlərdə inkişafına kömək göstərməkdən ibarətdir.
Tədbirdə MOK və AMADA əlaqələri müzakirə olunub. 2016-cı ildə imzalanmış memorandum əsasında Milli Olimpiya Komitəsi və Azərbaycan Anti-Dopinq Agentliyi idmançıların ciddi ziyan vuran və güclü təsir edən maddələrdən istifadə etməsinin qarşısını almaq məqsədilə sıx əməkdaşlıq edir.
Əlavə olaraq, Milli Olimpiya Komitəsinin "2018 - Anti-dopinq ili” layihəsi nəzərdən keçirilib. Burada idmançılar və məşqçilərə seminarların keçirilməsi, media nümayəndələri ilə açıq görüşlər, müxtəlif idman federasiyaları ilə təlimlərin keçirilməsi aiddir.
Sonda mütəxəssislərin layihə və Azərbaycandakı anti-dopinq vəziyyəti ilə bağlı sualları cavablandırılıb.