Kristian Karambö Azərbaycan millisinin yaxşı şansları var"

Futbol üzrə Dünya Kubokunun Azərbaycana gətirilməsi ilə bağlı brifinq keçirilib.
 
"Hilton" otelində baş tutan tədbirdə 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö və AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb. 
 
Karambö Bakıya bir daha gəlməkdən məmnunluq ifadə edib: "Azərbaycan paytaxtı kifayət qədər müasir şəhərdir. Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisi yaxşı çıxış etdi. Növbəti mərhələdə daha yaxşı çıxış etmə şansınız var. Dünya Kuboku bir çox ölkələri, uzun məsafələri qət edib. Azərbaycan 16-cıdır. Amma səfərlərin uzaqlığı bizi usandırmayıb. Kuboku bura gətirməkdən məmnunluq ifadə edirik".
 
Ötənlərin məşhur futbolçusu Fransa yığmasının DÇ-2018-dəki şanslarını da dəyərləndirib: "Bu il dünya çempionluğumuzun 20 illik yubileyidir. Braziliya, İngiltərə, Almaniya və bəlkə də Rusiyanı favorit saymaq olar". 
 
Azərbaycan Kubokunu və Kristian Karambönü salamlayan Məmmədov isə bildirib ki, Dünya Kubokunu ölkədə görmək üçün 3 səbəb ola bilər: "Birinci səbəb, dünya çempionluğudur, ikincisi, ev sahibliyi, üçüncüsü isə hazırkı səbəbdir. Ümidvaram ki, gələcəkdə ilk 2 səbəbdən də yararlanacağıq".
 
Daha sonra Dünya Kuboku təqdim olunub. 
 
Qeyd edək ki, kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün "Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Futbol azarkeşləri saat 13:00-dan 19:00-dək Dünya Kubokunu yaxından görə biləcəklər. Dünya Kuboku 4-cü dəfə dünya turuna çıxıb. Azərbaycana səfər "Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.