DK-2018: sərbəst güləş yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda
7-8 aprel 2018-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Bu gün Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib.
Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.
Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.
Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.