Azərbaycan cüdoçularından əla nəticə

Avstriyanın Obervart şəhərində start götürən cüdo üzrə Avropa açıq turnirinin ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
 
Cüdoçularımız beynəlxalq yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Azərbaycan millisinin üzvləri Mehman Sadıqov(60 kq) və Orxan Səfərov(66 kq) Avstriya turnirində bütün rəqiblərinə qalib gələrək çempion olublar. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev yalnız finalda uduzaraq gümüş medala layiq görülüb.
 
66 kq çəki dərəcəsində yarışan cüdoçumuz Vüqar Şirinli isə bürünc medal qazanıb. Beləliklə milli komandamız Obervart turnirinin birinci yarış günündən sonra medalların sayı və əyarına görə bütün rəqiblərini qabaqlayaraq 1-ci yerdə gedir.
 
Qeyd edək ki, Avstriyada keçirilən Avropa açıq turnirində 42 ölkənin 285 cüdoçusu mübarizə aparır. Beynəlxalq yarışa fevralın 18-də yekun vurulacaq.